İQTİSADİYYAT
Azərbaycan Barselonada keçirilən “GSMA” Mobil Dünya Konqresində təmsil olunub
Bakı, 28 fevral, AZƏRTAC
Azərbaycan Barselonada keçirilən “GSMA” Mobil Dünya Konqresində təmsil olunub.
Konqresdə iştirak etmək məqsədilə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərliyi ilə nümayəndə heyəti İspaniya Krallığının Barselona şəhərində səfərdə olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “GSMA” Mobil Dünya Konqresi dünyanın bir çox ölkəsindən dövlət və özəl sektor nümayəndələrini, tənzimləyici qurumları, habelə sahəvi beynəlxalq təşkilatları bir araya toplayaraq, mobil rabitə sektoru üzrə əsas inkişaf istiqamətləri və yeni tendensiyalara dair müzakirələrin aparıldığı platforma rolunu oynayır. 10 ildir ki, Barselona şəhərində baş tutan konqres çərçivəsində Nazirlər Proqramı, Mobil Dünya Sammiti, sərgi, konfrans və bir sıra seminarlar keçirilir.
Tədbir zamanı nazir Ramin Quluzadə Nazirlər Proqramında iştirakla yanaşı, bir sıra qlobal telekommunikasiya şirkətlərinin rəhbərliyi ilə ikitərəfli görüşlər də keçirib.
Görüşlər zamanı tədbirdə təqdim olunan yeni texnologiyalar, onların ölkəmizdə tətbiqi imkanlarının araşdırılması, dünyanın texnologiya nəhəngləri ilə əməkdaşlıq və ölkəmizin informasiya-kommunikasiya texnologiyaları (İKT) sektoruna investisiyanın cəlb olunması kimi məsələlər müzakirə olunub.
“GSMA” Mobil Dünya Konqresinin konfrans hissəsi mobil rabitə və İKT sektoruna aid müxtəlif mövzuları (5G, mobil pul, mobil marketinq və reklamçılıq, əşyaların interneti, fərdiləşmə və tələb-təklif iqtisadiyyatı, qrafen inqilabı, yeni təhlükəsizlik paradiqmaları, humanitar bağlantı və mobil sənaye, geyiniləbilən texnologiyalar, şəbəkə təhlükəsizliyi, ağıllı şəhərlər, innovativ həllər və s.) əhatə edib.
Müvafiq sessiyalarda “AT&T”, “China Telecom”, “Deutsche Telecom”, “Facebook”, “Google”, “HP”, “IBM”, “Microsoft”, “Cisco”, “Ericsson”, “Etisalat Group”, “Intel”, “Huawei”, “Nokia”, “MTS”, “Orange”, “PayPal”, “Philips”, “Samsung”, “Turkcell”, “Vodafone” və digər nəhəng şirkətlərin rəhbərləri məruzəçi qismində çıxış edib.