AZƏRBAYCAN BƏSTƏKARLAR İTTİFAQININ VIII QURULTAYINDAN SONRAKI BİRİLLİK FƏALİYYƏTİ MÜZAKİRƏ OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, iyunun 20-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) qurumun VIII qurultayından sonrakı fəaliyyəti müzakirə olunmuşdur.
Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə məruzəsində dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan Bəstəkarlar İttifaqına, onun üzvlərinə diqqət və qayğısını yüksək dəyərləndirmişdir. O, Bəstəkarlar İttifaqının Xaqani küçəsindəki əvvəlki binasının onlara qaytarıldığı, indi orada əsaslı təmir işləri aparıldığı, sentyabrın 18-də “Musiqi günü” ilə əlaqədar ittifaqın üzvlərindən 8 nəfərinə fəxri adlar, 35 nəfərinə isə birillik Prezident təqadü təyin edildiyi üçün Azərbaycan Prezidentinə minnətdarlığını bildirmişdir.
Məruzədə vurğulanmışdır ki, göstərilən bu diqqət və qayğıya görə Bəstəkarlar İttifaqı öz fəaliyyətini tamamilə yenidən qurmağa çalışır. Yaradıcı adamlarla daha konkret iş aparmaq, fəaliyyət dairəsini genişləndirmək üçün qurumda daha 3 şöbə yaradılaraq onların sayı 11-ə çatdırılmışdır. İttifaqın bilavasitə təşkilatçılığı ilə istər xaricdə, istərsə də ölkəmizdə 30-a yaxın müxtəlif tədbir keçirilmişdir. Onların arasında Niyazinin 95, Tofiq Quliyevin 90, Qara Qarayevin 90 illik yubileyləri, “Müasir uşaq musiqisinin aktual problemləri”, “Heydər Əliyev və Azərbaycan Bəstəkarlar İttifaqı” mövzularında elmi-praktik konfranslar xüsusi əhəmiyyət daşımışdır.
Natiq qeyd etmişdir ki, hesabat dövründə Bəstəkarlar İttifaqı yaradıcı təşkilatlarla birgə tədbirlərin keçirilməsinə xüsusi əhəmiyyət vermişdir. Xalq artisti Emin Sabitoğlunun 70 illiyi ilə əlaqədar Bəstəkarlar İttifaqı Yazıçılar Birliyi ilə bərabər bəstəkar haqqında yazılmış kitabın təqdimatı, Muğam Teatrı ilə birgə Elza İbrahimovanın 70 illiyinə həsr olunmuş tədbir keçirmiş, Elza xanıma Dağıstanın xalq artisti adı verilmişdir.
Bəstəkarlar İttifaqının katibləri Aqşin Əlizadə, Ramiz Zöhrabov, Eldar Mansurov və başqaları Azərbaycan bəstəkarlarının beynəlxalq uğurlarından da söz açmışlar. Vurğulanmışdır ki, Firəngiz Əlizadə və əməkdar incəsənət xadimi Rauf Əliyev Kiyevdə keçirilən XVIII Beynəlxalq Musiqi Festvalında ölkəmizi layiqincə təmsil etmişlər. F.Əlizadənin “İthaf” və R.Əliyevin xor üçün “Ballada”sı Ukrayna musiqi kollektivlərinin ifasında səsləndirilmişdir. F.Əlizadə bir sıra xarici ölkələrdə - ABŞ, Almaniya, İsveç, Fransa, Türkiyə, Qırğızıstan, Kiyev və digər ölkələrdə yaradıcılıq ezamiyyətində olmuşdur. Parisdə YUNESKO-nun qərargahında ona “Sülh artisti” fəxri adının diplomu təqdim edilmişdir.
Məlumat verilmişdir ki, Bəstəkarlar İttifaqı İdarə Heyətinin keçirdiyi 7 iclasda, bölmələrin vaxtaşırı yığıncaqlarında ölkəmizdə Azərbaycan musiqisinin daha da inkişaf etdirilməsi, onun dünyaya inteqrasiyası ilə bağlı vacib məsələlər müzakirə olunmuşdur.
Natiqlər vurğulamışlar ki, qazanılmış uğurlarla kifayətlənilməməli, qüvvələr Azərbaycan musiqisinin beynəlxalq nüfuzunu yüksəltmək istiqamətində mövcud problemləri həll etmək üçün səfərbərliyə alınmalıdır.