MƏDƏNİYYƏT
Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlığı davam etdirir
Bakı, 20 noyabr, AZƏRTAC
Mədəniyyət naziri Əbülfəs Qarayev Nyu-Yorkda BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Alyansın dünya miqyasında həyata keçirdiyi fəaliyyətlər, xüsusilə Prezident İlham Əliyevin “Bakı prosesi” təşəbbüsünün və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun tərəfdaşı olması barədə fikir mübadiləsi aparılıb.
Nasir Əbdüləziz Əl-Nasir ölkə rəhbərliyinin bu istiqamətdə təşəbbüslərini yüksək qiymətləndirdiyini, tərəfdaşlığın əhəmiyyətini, eləcə də 2016-cı ildə Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun beynəlxalq səviyyədə müsbət əks-səda yaratdığını qeyd edib.
Nazir Əbülfəs Qarayev 2019-cu ildə ölkəmizdə keçiriləcək 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq işlərinin başlanıldığını və forumun işində BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlığın davam etdiriləcəyini diqqətə çatdırıb.