AZƏRBAYCAN DEMOKRATİK RESPUBLİKASI GENDER BƏRABƏRLİYİNİN YARADILMASI İSTİQAMƏTİNDƏ İLK ADDIMLAR ATMIŞDIR
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), BMT-nin Əhali Fondu tərəfindən həyata keçirilən “XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə” birgə layihənin təşəbbüsü ilə mayın 27-də “Park İnn” mehmanxanasında Azərbaycan Demokratik Respublikasının yaradılmasının və qadınların seçki hüququnun tanınmasının 90 illiyinə həsr olunmuş konfrans keçirilmişdir. Konfransda dövlət qurumlarının və beynəlxalq təşkilatların nümayəndələri, Milli Məclisin deputatları, tarixçi alimlər, vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak etmişlər. Mövzu ilə bağlı AQUPDK-nın sədri Hicran Hüseynova, BMT-nin rezident-əlaqələndiricisi, bu qurumun Əhali Fondunun ölkəmizdəki nümayəndəsi Bruno Pueza, Milli Məclis sədrinin müavini Bahar Muradova, Konstitusiya Məhkəməsi sədrinin müavini Sona Salmanova, AMEA-nın vitse-prezidenti Nailə Vəlixanlı və başqaları çıxış etmişlər.
Konfransda ölkədə qadınların seçki hüququnun təmin edilməsinin əhəmiyyəti vurğulanmış, Şərqdə ilk dəfə qadınlara seçki hüququnun məhz Azərbaycanda verilməsi qeyd edilmişdir. Bildirilmişdir ki, Azərbaycan Demokratik Respublikası (ADR) qadın hüquqlarının təmin edilməsi, müasir dillə ifadə etsək, gender bərabərliyinin yaradılması istiqamətində ilk addımlar atmışdır. O zaman təməli qoyulmuş gender bərabərliyi prinsipi, qadınların və kişilərin eyni hüquqi təminat səviyyəsinə malik olması müasir Azərbaycan Respublikasında uğurla davam etdirilir.
Ümummilli lider Heydər Əliyev ADR-in tarixi təcrübəsini yüksək qiymətləndirmişdir. Əsas prinsipləri ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunmuş dövlət qadın siyasəti Azərbaycanda gender bərabərliyinin təmin olunması üçün etibarlı zəmin yaradır. Həyata keçirilən ardıcıl fəaliyyət Azərbaycan qadınının sosial statusunun yüksəldilməsini təmin edir. Çıxış edənlər Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirmişlər.
Tədbirdə mövzu ətrafında müzakirələr və fikir mübadiləsi aparılmışdır.
Konfransda “XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə” layihəsi ilə əlaqədar məruzə dinlənilmişdir.
######
![]() |
![]() |

