AZƏRBAYCAN DEMOKRATİK RESPUBLİKASININ 90 İLLİYİ İLƏ ƏLAQƏDAR RUMINİYADA SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİR
Azərbaycanın Rumıniyadakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, mayın 28-də səfirlik tərəfindən Rumıniyanın dövlət və hökumət nümayəndələrinin, deputat və senatorların, siyasi partiya rəhbərlərinin, tanınmış din, ədəbiyyat və incəsənət xadimlərinin, diplomatların, buradakı türk və tatar icması təmsilçilərinin, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Rumıniya-Azərbaycan Ticarət Palatası, Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyi, ARDNŞ-ın Rumıniya nümayəndəliyinin əməkdaşlarının, Rumıniyada təhsil alan tələbələrimizin iştirakı ilə rəsmi qəbul keçirilmişdir.
Rumıniyada rəsmi səfərdə olan Türkiyə Respublikasının Böyük Millət Məclisinin (TBMM) sədri Köksal Toptan və TBMM-in millət vəkilləri rəsmi qəbulda iştirak edərək, dost və qardaş türk xalqının ən səmimi təbriklərini və salamlarını çatdırmışlar.
Azərbaycan Demokratik Respublikasının 90 illik yubileyi ilə əlaqədar Rumıniyanın Daxili İşlər Nazirliyinin konsert salonunda musiqili, ədəbi-bədii gecə keçirilmişdir. Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyi, Heydər Əliyev Fondu Rumıniya nümayəndəliyi və Pol Polidor Fondu tərəfindən keçirilən tədbirdə Rumıniyanın tanınmış müğənnisi Pol Polidor və Buxarest şəhərinin 50 nömrəli məktəbinin şagirdləri rumın və Azərbaycan dillərində mahnılar oxumuş, şeirlər söyləmiş, rəqs proqramı ilə çıxış etmişlər.
Bununla yanaşı, Buxarest şəhərində “Azərbaycanın dünəni və bu günü” adlı fotoekspozisiya nümayiş etdirilir. Ekspozisiyada fotoşəkillər ilə yanaşı qonaqlara rumın dilinə tərcümə olunub çap edilmiş “Kitabi Dədə Qorqud” səlnaməsi, Məhəmməd Füzulinin “Leyli və Məcnun” poeması və “Qəzəllər”i, Bəxtiyar Vahabzadənin, Anarın, Elçinin, Çingiz Abdullayevin və başqalrının kitabları ilə tanışlıq imkanı yaradılmışdır. Rumıniya vətəndaşı, alban əsilli tarixçi-alim Kopi Küçük tərəfindən rumın dilində qələmə alınan “Azərbaycanın qısa tarixi” və avstriyalı alim Erix Fayqlın rumın dilində çap olunan “Erməni mifomaniyası” kitabı da ekspozisiyada təqdim olunan əsərlərdəndir.
Yubiley ilə əlaqədar bu həftə ərzində Rumıniyanın televiziya kanallarında Azərbaycana həsr olunmuş sənədli filmlər nümayiş etdirilir. Bu filmlərdə Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, memarlığı, füsunkar təbiəti, son illərdə olunan iqtisadi nailiyyətləri əksini tapmışdır.
Rumıniyanın kütləvi informasiya vasitələri Şərqdə ilk respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yalnız 23 ay yaşaya bildiyini nəzərə çatdıraraq müstəqil dövlətçiliyimizin bərpasından sonra eyni təhlükələrin yenidən meydana çıxdığını və yalnız zəmanənin görkəmli dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində müstəqilliyin qorunduğunu və ölkənin böhran vəziyyətindən çıxdığını vurğulayırlar.
Bununla yanaşı Heydər Əliyevin memarı olduğu Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin fəaliyyətə başladığını, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin sürətlə həyata keçirildiyini qeyd edərək bu layihələrin uğurla başa çatdırılmasında Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi əməyi olduğunu nəzərə çatdırırlar. Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət, iqtisadi islahatlar nəticəsində Azərbaycan nəinki bölgənin, hətta dünyanın ən sürətlə inkişaf edən ölkəsinə çevrilmişdir.
Rumıniyada rumın, ingilis və türk dillərində çap olunan “Balkani şi Europa”, “Ultima ora”, “Nine O`clock”, “Diplomat Club”, “Replika”, “Hayat”, “Zaman”, “Anayurt”, “Gürbətçi” qəzetlərində yubiley ilə əlaqədar məqalələr və xəbərlər dərc edilmişdir.
Səfirliyin Azərbaycan Demokratik Respublikasının 90 illiyi ilə əlaqədar hazırladığı məlumat Rumıniyanın dövlət və hökumət qurumlarına, deputalara, siyasi partiya və ictimai təşkilatlara, xarici ölkələrin səfirliklərinə göndərilmişdir. Yubiley ilə əlaqədar materiallar səfirliyin internet saytında da yerləşdirilmişdir.
Azərbaycan Demokratik Respublikasının yaranmasının 90-cı ildönümü ilə əlaqədar yubiley tədbirlərinin il ərzində Rumıniyanın Konstansa, Kluj, Sibiu, Krayeva şəhərində qeyd olunması nəzərdə tutulmuşdur.