Azərbaycan dilçiliyinin korifeylərinə həsr olunan elmi-nəzəri konfrans
Sumqayıt, 29 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Dövlət Universitetində (SDU) “Elm günü”nə həsr olunmuş “Azərbaycan dilçiliyinin korifeyləri” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən SDU-nun rektoru, professor Elxan Hüseynov Azərbaycan dilinin saflığının qorunması və inkişafı istiqamətində ölkəmizdə həyata keçirilən islahatlardan danışıb.
Bildirilib ki, hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amildir. Azərbaycan dilinin dünya dilləri sırasında layiqli yer tutmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini diqqətə çatdıran rektor Ulu Öndərin milli dil siyasəti, dilimizin dövlət dili statusu alması, Azərbaycan dilinin geniş təbliği istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər və bu sahədə imzalanan mühüm dövlət sənədlərindən bəhs edib. O, Ümummilli Liderin önəm verdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. Vurğulayıb ki, dövlətimizin başçısının ana dilinin dövlət dili kimi geniş miqyasda işlənməsi üçün həyata keçirdiyi məqsədyönlü işlər də Azərbaycan dilinin nüfuzunun yüksəlməsinə və türk dilləri arasında mötəbər mövqe qazanmasına xidmət edir.
Qeyd edilib ki, Azərbaycan dilçiliyinin istiqamətlərinin müəyyənləşdirilməsində, dilçiliyin aktual problemlərinin tədqiqində və tədrisində böyük xidmətləri olan bu görkəmli alimlər dəyərli töhfələri ilə daim xatırlanırlar.
Konfransda “Ə.Dəmirçizadə və Azərbaycan fonetikası”, “Afad Qurbanov və Azərbaycan onomologiyası”, “Professor Yusif Seyidovun elmi-pedaqoji fəaliyyəti”, “Türkologiya elminin inkişafında professor F.Zeynalovun rolu” mövzularında çıxışlar dinlənilib.
Qeyd edilib ki, ömürlərinin çox hissəsini Azərbaycan dilçilik elminin inkişafına həsr edən bu elm xadimlərinin irsi gələcək nəsillərə böyük töhfədir.