AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİNDƏ BİRİNCİ TÜRKOLOJİ QURULTAYIN 80 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİR
Universitetin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov çıxış edərək, ümummilli liderimiz, müstəqil dövlətimizin banisi və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin dilimizin, milli mənəvi dəyərlərimizin qorunmasına daim böyük diqqət yetirdiyini, ulu öndərimizin ideyalarının ölkəmizin Prezidenti İlham Əliyev tərəfindən çox uğurla həyata keçirildiyini vurğulamışdır.
S.Seyidov dövlətimizin başçısının “Birinci Türkoloji Qurultayın 80 illik yubileyi haqqında” 2005-ci il 9 noyabr tarixli Sərəncamının əhəmiyyətini nəzərə çarpdırmışdır.
Təhsil naziri Misir Mərdanov, AMEA-nın müxbir üzvü Afat Qurbanov, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Nizami Cəfərov və digər natiqlər Birinci Türkoloji Qurultayın məqsəd və məramından danışmışlar.
Qeyd olunmuşdur ki, 1926-cı ildə keçirilən qurultayda türk dillərinin əlifba və terminologiyası məsələləri mühüm yer tutmuş, latın əlifbasına keçilməsinin təmin edilməsi əsas məqsəd olmuşdur.
Sonra professor Adil Babayevin “Türk xalqlarının ilk qurultayı”, filologiya elmləri doktoru Sayalı Sadıqovanın “Qurultayda terminologiya problemləri”, professor Fəxrəddin Veysəllinin “I Türkoloji qurultay və əlifbamızın həll olunmamış problemləri” mövzularında məruzələri dinlənilmişdir.
Çıxışlarda türk xalqlarının tarixinə, dil və ədəbiyyatına, etnoqrafiyasına dair məruzələrin dinlənildiyi, mühüm qərarların qəbul olunduğu qurultayın əhəmiyyətindən söz açılmışdır.
Sonra konfrans “Türk dillərinin tarixi inkişaf mərhələləri: etnoqrafiya və terminologiya problemləri”, “Orfoqrafiya və orfoepiya məsələləri: əlifba və onun türk dillərinin fonetik-fonoloji xüsusiyyətlərinə uyğunlaşdırılması”, “Türk dillərinin müasir problemləri və onların sistem-struktur xüsusiyyətləri” bölmələri üzrə işini davam etdirmişdir.
Konfrans martın 25-də başa çatacaqdır.