AZƏRBAYCAN DİPLOMATLARI CƏBHƏ BÖLGƏSİNDƏ OLMUŞLAR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin III müşavirəsinin sonuncu günü - iyulun 11-də 35 ölkədə və beynəlxalq təşkilatlarda Azərbaycanı təmsil edən diplomatlar Füzuli bölgəsində olmuşlar.
Diplomatları Horadiz şəhərində Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Nəbi Muxtarov qarşılamışlar. Qonaqlar Heydər parkında xalqımızın ümummilli lideri Heydər Əliyevin əzəmətli heykəli önünə tər güllər qoymuş, xatirəsinə ehtiramlarını bildirmişlər.
Diplomatlar Füzuli rayonunun Zobucuq dərəsində salınmış 5 qəsəbənin birində - İkinci Zobucuq qəsəbəsində olmuşlar. 27 nömrəli məktəbin həyətində “Qarabağ şikəstəsi”nin sədaları altında başlanmış görüşdə Əli Həsənov Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin ənənəvi müşavirəsini xatırlatmış, məlumat vermişdir ki, müşavirə iştirakçıları məcburi köçkünlərin vəziyyəti və şəraiti ilə tanış olacaqlar.
Məktəbin direktoru Ülkər Quliyeva, qəsəbə sakini Süleyman Süleymanov və başqaları onları yad etdiklərinə görə qonaqlara minnətdarlıqlarını bildirmişlər. Xatırlatmışlar ki, diplomatlarla əvvəlki görüşləri çadır şəhərciklərində olmuşdur. İndi isə bu xoş hadisə dövlətimizin başçısı İlham Əliyevin diqqəti və qayğısı sayəsində salınmış abad qəsəbədə baş tutur. Qeyd edilmişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə həmişə Füzuliyə xüsusi münasibət bəsləmiş, böyük qayğı göstərmişdir. Füzulililər bu qayğını indi də hiss edirlər. Ulu öndər Heydər Əliyevin başladığı möhtəşəm quruculuq işlərini Prezident İlham Əliyev müvəffəqiyyətlə davam etdirir. Biz bu gün də Füzuliyə çox isti münasibəti görür və bunu yüksək qiymətləndiririk. Sakinlər diplomatlardan Azərbaycan həqiqətlərini beynəlxalq aləmdə daha fəal yaymağı xahiş etdilər. Bildirildi ki, qəsəbələrin münbit və məhsuldar torpaqları var, camaat da işgüzardır. Diplomatlarımız xarici iş adamlarını bu torpaqlara investisiya yatırmağa təşviq edə bilərlər.
Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, Ukraynadakı səfiri Tələt Əliyev məlumat verdilər ki, diplomatik korpus Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarını dönmədən yerinə yetirir. Hər birimizin iş günü vətənimizin ən vacib problemi olan Dağlıq Qarabağla bağlı həqiqətlərin çalışdığımız ölkələrin rəhbərlərinə və ictimaiyyətinə çatdırmaqla başlayır. Keçirdiyimiz müzakirələrin ana xəttində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılması məsələsi durur. Ermənilərin siyasətinin ifşası üçün səyimizi daha da artıracağıq.
Qonaqlar məktəblə tanış olmuş, dəhlizdə vaxtilə qəsəbə salınarkən buradan tapılmış tunc dövrünə aid maddi-mədəniyyət abidələri nümunlərindən ibarət sərgiyə baxmış, idman zalında “Cəngi” sədaları altında məşq edən güləşçilərin bacarıqla yerinə yetirdikləri fəndləri alqışalmış, karateçilərin nümunəvi çıxışlarını izləmişlər.
Xarici işlər nazirinin müavini Vaqif Sadıqov qəsəbələrdə fəaliyyət göstərən məktəblərin hər birinə diplomatik korpus adından televizor, rəqəmli videokamera, proyektor və ekran təqdim etmişdir.
Qəsəbə sakinləri söhbət əsnasında Azərbaycan Prezidentinin Füzuliyə səfərini böyük iftixarla xatırlayır, dövlətimizin başçısının “Beyləqan və Füzuli rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2008-ci il 21 aprel tarixli Sərəncamını minnətdarlıqla qeyd edirdilər. Həmin Sərəncamla 2008-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Beyləqan və Füzuli rayon icra hakimiyyətlərinin hər birinə 2 milyon manat məbləğində vəsait ayrılmış, Füzulidə müasir tələblərə cavab verən tibb mərkəzinin, su elektrik stansiyasının və Olimpiya idman mərkəzinin tikintisinə başlanılmışdır.
Füzuli camaatı dövlətimizin başçısının bu qayğısını hədsiz minnətdarlıqla, eyni zamanda böyük ruh yüksəkliyi ilə qarşılamışdır. Onlar görüşlərdə xüsusi vurğulayırdılar ki, Prezident İlham Əliyev Qarabağa, Füzuli rayonuna böyük qayğı göstərir, onun inkişafını sürətləndirmək üçün qərarlar qəbul edir, göstərişlər verir. Qarabağ camaatı, Füzuli sakinləri isə dövlətimizin başçısının ətrafında daha sıx birləşir, onun siyasətini birmənalı şəkildə dəstəkləyir və müdafiə edirlər. Diqqətə çatdırılmışdır ki, bu ilin payızında keçiriləcək prezident seçkilərində qarabağlılar artıq öz seçimlərini etmişlər, onların bir namizədi vardır - Prezident İlham Əliyev.
Rayon icra hakimiyyətinin başçısı Nəbi Muxtarov məlumat vermişdir ki, Prezidentin müvafiq Sərəncamına əsasən, Füzuli rayonunun yaşayış məntəqələrinə təbii qazın verilməsi sahəsində işlər sürətlənir. İçməli su xətləri çəkilir. Müharibədə dağılmış 1500 evin bərpa olunması, orta ixtisas məktəbinin açılması, 30 subartezian quyusunun qazılması, yeni istehsal sahələrinin yaradılması, sahibkarlığın inkişaf etdirilməsi istiqamətində işlər müvəffəqiyyətlə davam etdirilir.
Füzulidən olan məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq üçün dövlət başçısının tapşırığı əsasında zəruri infrastruktura malik 4211 ailəlik 16 qəsəbə salınmış, 9 məktəb binası, 8 tibb müəssisəsi tikilmiş, 21 məktəb binası və 11 tibb müəssisəsi bərpa olunmuşdur. İşğal zamanı dağıdılmış və yandırılmış 4000-ə yaxın ev əsaslı bərpa olunaraq yenidən əhalinin istifadəsinə verilmişdir.
Diplomatlar Dövlət Sərhəd Xidmətinin “N” sərhəd dəstəsinə də baş çəkmişlər. Onlar giriş qapısına ulu öndərin “Sərhəd qoşunlarının qarşısında böyük vəzifələr durur. Məhz bu vəzifələrin həlli Azərbaycanın ərazi bütövlüyünü, onun müstəqilliyini təmin edəcəkdir” sözləri yazılmış hərbi hissənin qərargahında olmuş, ümummilli liderin və Azərbaycan Prezidenti İlham Əliyevin sərhədçilərlə görüşündən müxtəlif anları əks etdirən fotoşəkillərə baxmış, əsgər yataqxanasına baş çəkmiş, yeməkxanada sərhədçilərlə süfrə arxasında səmimi söhbət etmişlər.
Hərbi hissəyə televizor hədiyyə edilmişdir.
Səfirlər düşmən mövqeləri ilə üzbəüz Lələtəpədəki mövqelərimizdə gecə-gündüz ayıq-sayıq keşik çəkən əsgərlərimizlə görüşmüş, onların istifadə etdikləri müasir texnika və silah-sursatla tanış olmuşlar.
...Həmin gün AZƏRTAC-ın müxbirinə Füzulinin erməni silahlı qüvvələrinin nəzarətində olan ərazi ilə sərhəddəki sonuncu kəndinə - Mirzənağılıya baş çəkmək üçün şərait yaradıldı.
Buradan bir neçə yüz metrlikdə Cəbrayılın Cocuq Mərcanlı kəndinin xarabalıqlarıdır. Erməni faşistləri ilə üz-üzə dayanmış Azərbaycan döyüşçüləri burada mövqe tutublar. Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələri 1994-cü ilin əvvəllərində Horadiz də daxil olmaqla, 22 yaşayış məntəqəsini, o cümlədən Mirzənağılını düşmən işğalından azad etmişdir.
Anar Vəliyev bu kənddəndir. Kənd ermənilər tərəfindən işğal olunanda Vəliyevlər ailəsi Bakıya pənah aparıb məcburi köçkün həyatı yaşamış, 1997-ci iln mayında yenidən doğma ocağa qayıtmışdır. Atası Xəlil müəllim kənd məktəbində işləyir, özü ANAMA-nın əməkdaşıdır. Kiçikyaşlı iki övladı olan ailə kəndin Cocuq Mərcanlıya, demək olar, bitişik sonuncu evində yaşayır. Anar atası ilə əl-ələ verib dolanışıq üçün lazımi şərait yaradıblar. Mal-qaraları, toyuq-cücələri, minik maşınları vardır.
Anardan öyrəndik ki, kəndə 12 ailə qayıdıb. Cocuq Mərcanlıdan üç ailə də onların arasındadır. Bu ailələrdən ikisi - Məhəmməd Mirzəliyev və qardaşı Eyvazın ailəsi vaxtilə məişət xidməti obyektlərinin yerləşdiyi ikimərtəbəli binada məskunlaşmışdır.
Buradan dağıdılmış evimizin uçuqları görünür, - deyə Məhəmməd bildirir. - İndicə həyətimizdən ot biçib gətirmişəm. Əkin-biçinlə məşğuluq. Mal-qaramız var. Sudan korluq çəkmirik: qapıda quyu vurmuşuq. Yaman günün ömrü az olar deyiblər. Çəkdiyimiz əzabların müvəqqəti olduğunu bilirik, sabaha inamımızı itirməmişik. Əminik ki, Prezidentimizin zəhməti yerdə qalmayacaq, tezliklə düşməni torpaqlarımızdan qovub doğma ocağımıza qayıdacağıq. Kəndimizdəki əsgərlərimizin əhval-ruhiyyəsindən görürəm ki, bu gün uzaqda deyil.
######
![]() |
![]() |
![]() |
![]() |
![]() |




