İQTİSADİYYAT
Azərbaycan doqquz ayda ən çox İtaliyaya məhsul göndərib
Bakı, 18 oktyabr, AZƏRTAC
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, doqquz ayda ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliya olmaqla, Türkiyə və Rusiya qərarlaşıb. İtaliyaya ixrac 5 milyard 646,7 milyon ABŞ dolları, Türkiyəyə 1 milyard 938,2 milyon dollar, Rusiyaya isə 613,7 milyon dollar dəyərindədir.
Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında da ilk üçlükdə İtaliya, Türkiyə və Rusiya dayanır. İtaliya ilə ticarət dövriyyəsi 5 milyard 974,7 milyon dollar, Türkiyə ilə 3 milyard 247,8 milyon dollar, Rusiya ilə 2 milyard 53,8 milyon dollar təşkil edib.