Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının dekabr repertuarı teatrsevərlər üçün maraqlı olacaqdır
Bakı, 23 noyabr (AZƏRTAC). Dekabrda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində paytaxtımızın sakinlərini və şəhərimizin qonaqlarını maraqlı tamaşalar gözləyir.
AZƏRTAC xəbər verir ki, teatrsevərlər dekabrın 1-də A.Şaiqin “Danışan gəlincik” və Elçinin “Buzovna kəndinin əhvalatları”na baxa biləcəklər.
Dekabrın 2-də bu səhnədə Azərbaycan Dövlət Musiqili Teatrının tamaşası, ayın 3-də isə Dərbənd Teatrının qastrol tamaşası göstəriləcəkdir.
Gənc Tamaşaçılar Teatrının kollektivi dekabrın 7-də S.S.Axundovun eyniadlı hekayəsi əsasında “Qaraca qız”, D.Po və P.Filipponun “İtalyansayağı xoşbəxtlik”, ayın 8-də isə A.Şaiqin “Tıq-tıq xanım” və H.Cavidin “Şeyx Sənan” tamaşalarını nümayiş etdirəcəkdir.
Əməkdar İncəsənət Xadimi, professor, bəstəkar Fərəc Qarayevin 70 illik yubileyinə həsr olunmuş mono-operanın nümayişi dekabrın 16-da baş tutacaqdır.
Dekabrın 13-də T.Vəliyevanın “Mənim ağ göyərçinim”, 14-də P.Pançevin “Dörd əkizin nağılı”, C.Cabbarlının “Aydın”, 15-də isə A.Tolstoyun “Buratinonun macəraları” və L.Nurenin “Mən gəldim, qızlar” tamaşaları göstəriləcəkdir.
Uşaq mahnı müsabiqəsinin yekun tədbiri dekabrın 19-da keçiriləcəkdir.
Teatrsevərlər dekabrın 21-də və 22-də Ə.Əmirlinin “Hasarın o üzü” tamaşasının premyerasına, həmçinin A.Lindqrenin “Balaca və damda yaşayan Karlson”, E.Hofmanın “Şelkunçik”inə baxacaqlar.
Dekabrın 26-dan 30-dək “Küpəgirənin hiyləsi” adlı yeni il tamaşası göstəriləcəkdir.