SİYASƏT
Azərbaycan düşünülmüş və qətiyyətli siyasət nəticəsində diplomatik müstəvidə böyük uğurlar qazanmaqda davam edir
![Azərbaycan düşünülmüş və qətiyyətli siyasət nəticəsində diplomatik müstəvidə böyük uğurlar qazanmaqda davam edir](/files/2022/1/1200x630/16416281193218328416_1200x630.jpg)
Bakı, 8 yanvar, AZƏRTAC
2021-ci il ölkəmiz üçün uğurlu illərdən biri oldu. Azərbaycan ötən il Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük nailiyyətlərə imza ataraq beynəlxalq arenada mövqeyini daha da möhkəmləndirdi. Ölkəmiz Qoşulmama Hərəkatına sədrlik etməklə təşkilat çərçivəsində 120 üzv ölkənin hüquq və maraqlarının təmin olunması istiqamətində mühüm işlər həyata keçirdi. Qoşulmama Hərəkatına üzv olan ölkələrin Azərbaycanın sədrlik müddətinin artırılması haqqında yekdilliklə qərar qəbul etməsi də özlüyündə ölkəmizin sədrlik dönəminin təşkilat üçün məhsuldar və uğurlu olmasından xəbər verir. BMT-dən sonra ikinci böyük təsisat olan Qoşulmama Hərəkatı Azərbaycanın haqq işinə davamlı olaraq dəstək verir və ötən təqvim ili ərzində də biz dəfələrlə bunun şahidi olmuşuq. Qoşulmama Hərəkatına Azərbaycanın sədrlik müddətinin əlavə olaraq daha bir uzadılması ölkəmizə göstərilən etimad kimi qiymətləndirilməlidir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov söyləyib.
C.Osmanov qeyd edib ki, Azərbaycan 2021-ci ildə Türk Şurasına sədrlik müddətini uğurla başa vurdu. Münaqişə və müharibə dövründə Türk Şurası Azərbaycana öz dəstəyini ifadə edib. Təşkilatın noyabr ayında keçirilmiş Zirvə Görüşündə Türk Dövlətləri Təşkilatı adlandırılan bu təsisat Azərbaycanı torpaqlarımızın işğaldan azad olunması münasibətilə təbrik etdi və ölkəmizin haqlı mövqeyini dəstəklədiyini bir daha nümayiş etdirdi.
“Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində Azərbaycanın 2021-ci ildə beynəlxalq münasibətlər sistemində qazandığı uğurlardan danışarkən ölkəmizin Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatı ilə yanaşı, İslam Əməkdaşlıq Təşkilatındakı fəaliyyətindən də bəhs etdi. İslam Əməkdaşlıq Təşkilatının da Azərbaycanın haqlı mövqeyini davamlı olaraq dəstəklədiyini qeyd edən dövlətimizin başçısı Vətən müharibəsindən sonra müharibənin nəticələrinin qəbul etdirilməsi üçün İslam Əməkdaşlıq Təşkilatının fəaliyyətini çox yüksək qiymətləndirdi. Bütün bunlar isə Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş uğurlu xarici siyasətin nəticəsidir. Həmçinin ötən ilin dekabrında dövlətimizin başçısının NATO və Avropa İttifaqına səfərləri də Azərbaycanın beynəlxalq münasibətlər sistemində əldə etdiyi uğurlar kimi qiymətləndirilməlidir. NATO hər zaman ölkəmizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən qətnamələr qəbul edib. Avropa İttifaqın Şərq Tərəfdaşlığı Zirvə Görüşünün yekununda qəbul edilmiş sənəddə də ölkəmizin ərazi bütövlüyü, suverenliyi bir daha dəstəklənib”, - deyə deputat qeyd edib.
Azərbaycanın 2021-ci ildə Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və qətiyyətli siyasət nəticəsində diplomatik müstəvidə böyük uğurlar qazandığını vurğulayan deputat bildirib ki, diplomatik qələbələrimizin fonunda ötən təqvim ilini Zəfərimizin davamı kimi də xarakterizə etmək olar.