Azərbaycan elminə töhfə: Atropatan florasının 2595 növdən ibarət konspekti tərtib edilib
Bakı, 23 iyun, AZƏRTAC
Azərbaycanın tanınmış florist-alimi, professor Elşad Qurbanovun rəhbərliyi ilə ölkə elminə mühüm töhfə verən irimiqyaslı elmi-tədqiqat işi yekunlaşıb. "Atropatan əyalətinin flora və bitkiliyi (Azərbaycan Respublikası ərazisində)" mövzusunda aparılan araşdırmalar nəticəsində bölgənin müstəqil floristik əyalət olduğu elmi əsaslarla sübut edilib və ərazidə yayılan 2595 bitki növünün geniş konspekti hazırlanıb.
AZƏRTAC xəbər verir ki, tədqiqat çərçivəsində Atropatan florasına aid 2595 bitki növünün Azərbaycan və latın dillərində adları qeyd olunub, 6000-dən çox herbari nümunəsi toplanaraq herbari fonduna təqdim edilib.
Bir sıra elmi mənbələrdə Atropatan ərazisi qondarma “Erməni-İran əyalətinin” tərkibində yarıməyalət kimi təqdim edilsə də, tədqiqatçı klassik və müasir coğrafiyaçı və tarixçi alimlərin əsərlərinə istinad edərək apardığı elmi araşdırmalar nəticəsində Atropatanın növ əmələgəlmə mərkəzlərindən biri olmaqla yanaşı, müstəqil floristik əyalət olduğunu əsaslandırıb.
Atropatan əyaləti müasir Azərbaycan Respublikası ərazisində Naxçıvan Muxtar Respublikasını, Kiçik Qafqazın cənub hissəsini və Diabar (Zuvand) bölgəsini əhatə edir. Tədqiqatçı 1983-cü ildən etibarən bu ərazilərin flora və bitkiliyini sistemli şəkildə öyrənib.
Araşdırmalar nəticəsində Atropatan florasında 116 fəsilə və 751 cinsə aid 2595 ali sporlu, çılpaqtoxumlu və örtülütoxumlu bitki növünün yayıldığı müəyyən edilib. Bitkilərin həyat formalarının təhlili göstərib ki, ərazidə 39 ağac, 91 kol, 24 yarımkol, 1465 çoxillik ot, 780 birillik, 164 ikiillik və 32 bir-ikiillik bitki növü mövcuddur. Eyni zamanda, 144 Azərbaycan endemiki və 383 Qafqaz endemiki növü qeydə alınıb.
İlk dəfə olaraq professor Elşad Qurbanov Atropatan florasının 2595 növdən ibarət konspektini tərtib edib, onun sistematik, biomorfoloji və ekoloji-coğrafi təhlilini verib. Tədqiqat nəticəsində ərazidə səhra, yarımsəhra, meşə, friqana, bozqır, çəmən, su-bataqlıq, daşlıq, töküntülük və psevdomakki daxil olmaqla 9 bitkilik tipi müəyyən edilib. Həmçinin təbii və antropogen amillərin təsiri ilə baş verən bitki suksesiyalarının gedişi və istiqaməti elmi əsaslarla qiymətləndirilib.