Azərbaycan Elmlər Akademiyasının Seysmoloji Xidmət Mərkəzində Xocalı qurbanlarının xatirəsi anılıb
Bakı, 26 fevral, Əziz Məmmədov, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Xocalı soyqırımı qurbanlarının, habelə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə giriş nitqi ilə çıxış edən RSXM-nin baş direktoru Qurban Yetirmişli erməni barbarları tərəfindən törədilmiş, bəşər tarixin ən qanlı qırğınlarından biri sayılan bu soyqırımı aktının ağır nəticələri barədə ətraflı məlumat verib. Bildirilib ki, Ermənistan silahlı qüvvələri 1992-ci il fevralın 25-dən 26-a keçən gecə keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının Xankəndi şəhərində yerləşən ağır texnikasının və şəxsi heyətinin köməyi ilə Xocalı şəhərinə hücum edərək dinc azərbaycanlılara qarşı soyqırımı törədiblər. Şəhər dağıdılıb və talan edilib, dinc sakinlərə amansız divan tutulub, 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 adam qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 487 adam yaralanıb,150 nəfər itkin düşüb, 1275 adam girov götürülüb.
Bildirilib ki, bəşər tarixində amansızlığına görə misli görünməmiş bu faciəyə hüquqi qiymət yalnız ümummilli lider Heydər Əliyevin siyası hakimiyyətə qayıdışından sonra verilib, bu soyqırımının bütün dünyada tanıdılması üzrə təbliğat kampaniyasına başlanıb. Ümummilli Liderin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclisin xüsusi iclasında Xocalı soyqırımı ilə bağlı qəbul edilən qərara görə, hər il fevralın 26-sı “Xocalılıların soyqırımı günü” kimi qeyd olunur. 1997-ci il fevralın 25-də Azərbaycan Prezidenti Heydər Əliyev 1997-ci il fevralın 25-də hər il fevralın 26-sı saat 17:00-da Azərbaycanın bütün ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilməsi haqqında Fərman imzalayıb. Bundan əlavə, Prezident Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Xocalı soyqırımı, bütövlükdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətin dünya ictimaiyyətinə çatdırılması siyasətini hazırda Azərbaycan Prezidenti İlham Əliyev davam etdirilir. Dövlətimizin başçısının yürütdüyü məqsədyönlü siyasət nəticəsində dünya birliyi erməni silahlı qüvvələrinin Xocalıda törətdikləri soyqırımı barədə tam məlumatlandırılıb. Bundan əlavə, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Xocalı soyqırımı haqqında həqiqətin dünyaya çatdırılması istiqamətində xüsusi layihələr həyata keçirir. Bu layihələr çərçivəsində Rusiya, Türkiyə, Fransa, Almaniya, Çexiya, İsveçrə və digər ölkələrdə Xocalı qırğını ilə əlaqədar silsilə tədbirlər keçirilir. Məhz bu uğurlu fəaliyyət nəticəsində hazırda dünyanın ondan çox ölkəsi, habelə ABŞ-ın 21 ştatı Xocalı qətliamını soyqırımı kimi tanıyıb. Bununla yanaşı, Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində dünyanın müxtəlif ölkələrində Azərbaycan gerçəkliklərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində tədbirlər keçirilir.
RSXM-nin baş direktoru onu da vurğulayıb ki, Ermənistanın Azərbaycana qarşı qəsbkarlıq siyasəti nəticəsində Dağlıq Qarabağ və ətraf yeddi rayon işğal edilib. Ermənilər Kəlbəcər, Ağdam və Cəbrayıl rayonlarında yerləşən seysmoloji stansiyaları məhv ediblər.
Sonda Xocalı faciəsinə həsr olunmuş sənədli film nümayiş etdirilib.