AZƏRBAYCAN FİLMLƏRİNİN FOTOŞƏKİLLƏRİNİN ELEKTRON VERSİYASI HAZIRLANMIŞDIR
AZƏRTAC xəbər verir ki, Dövlət Film Fondunun təşəbbüsü ilə Azərbaycan filmlərinin fotoşəkillərinin elektron versiyası hazırlanmışdır.
Fondun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev bunu milli kinomuzun əbədiləşdirilməsi istiqamətində çox mühüm addım hesab etdiyini və filmlərimiz haqqında məlumat almaq istəyən insanlara da bir kömək olacağını vurğulamışdır. Bildirmişdir ki, bu, həm də kütləvi informasiya vasitələri - qəzetlər, jurnallar, eyni zamanda gələcək nəsillər üçün qorunan arxiv rolunu oynayacaqdır.
Elektron versiyada 110 il ərzində Azərbaycanada çəkilmiş 240-dan çox bədii filmdən 5 minə yaxın foto hazırlanmışdır. Cəmil Quliyev qeyd etmişdir ki, bir çox filmlərdən fotoşəkillər bərpa olunaraq yerləşdirilmişdir. Burada filmlərin adları əlifba sırası ilə düzülmüşdür və ilk Azərbaycan filmlərindən olan «Lətif», «Bakılılar», «Sevil», «Kəndlilər»lə yanaşı, sonrakı illərdə çəkilmiş «Bəyin oğurlanması», «Bir cənub şəhərində», «Gün keçdi» və başqalarının da çəkiliş anlarını əks etdirən görüntülər vardır. Müasir dövrümüzün ekran əsərlərindən olan «Biz qayıdacağıq», «Yalan», «Küçələrə su səpmişəm» və başqa filmlərin də fotolarına elektron versiyada rast gəlmək mümkündür.
İnternet portalda bir çox kino xadimlərimizin də şəxsi arxivi yaradılmışdır. Rasim Ocaqov, Eldar Quliyev, Vaqif Mustafayev, Rüstəm İbrahimbəyov, Oqtay Mirqasımov və başqa sənətkarlar haqqında həm görüntülü, həm də arxiv sənədlərinə əsasən məlumat əldə etmək istəyənlər Dövlət Film Fondunun saytından istifadə edə bilərlər. Dövlət Film Fondunun elektron arxivinin də daxil olduğu sayt payız aylarında istifadəçilərin ixtiyarına veriləcəkdir.