AZƏRBAYCAN-FRANSA ƏLAQƏLƏRİ İQTİSADİ SAHƏDƏ DƏ İNKİŞAF EDƏCƏKDİR
Nazir qonaqları səmimi salamladıqdan sonra dedi ki, Azərbaycan-Fransa əlaqələri dinamik inkişaf etməkdədir. Bu işdə hər iki ölkənin parlamentarilərinin rolu böyükdür. Bakıda yaradılmaqda olan Fransa Mədəniyyət Mərkəzi xalqlarımızın bir-birinə yaxınlaşmasına, bir-birini daha yaxşı tanımasına kömək edəcəkdir. Mərkəzin yaradılmasına nazirliyimiz imkan daxilində kömək etməyə hazırdır.
Senator Ambruaz Düpon qrupun Azərbaycana səfəri çərçivəsində keçirdiyi görüşlərdən məmnun qaldığını bildirdi. Ölkəmizə hər səfərində davamlı inkişafın şahidi olduğunu vurğulayan senator Fransa şirkətlərinin, iş adamlarının Azərbaycana maraq göstərdiklərini, bu yaxınlarda isə boya istehsalı üzrə müştərək müəssisə yaradılacağını diqqətə çatdırdı. O, eyni zamanda, respublikamızda iş adamlarına yaradılan şəraitlə maraqlandı.
Nazir Fərhad Əliyev qonaqlara Azərbaycanda prezident Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar, o cümlədən dövlət əmlakının və torpağın özəlləşdirilməsi barədə məlumat verdi. Nazir dedi ki, Azərbaycan hökuməti aqrar sahənin inkişafını gələn il üçün prioritet hesab etmişdir. Biz bu sahədə Fransa aqrarçılarının təcrübəsini öyrənməyə hazırıq. Fərhad Əliyev Fransa şirkətlərini cəsarətli olmağa, Azərbaycana sərmayə qoymaqdan çəkinməməyə çağırdı, xatırlatdı ki, bu ilin noyabrında Türkiyədə fəaliyyət göstərən fransız iş adamları ilə Bakıda görüş keçiriləcəkdir. Eyni zamanda məlumat vermişdir ki, Fransa hökuməti Azərbaycana 35 milyon avro məbləğində yardım edəcəkdir. Artıq bu barədə saziş Azərbaycan hökuməti tərəfindən öyrənilir və yəqin ki, tezliklə imzalanacaqdır.
Görüşdə iqtisadi əlaqələrin canlandırılması ilə bağlı geniş fikir mübadiləsi aparılmış, nümayəndə heyətinin üzvlərini maraqlandıran suallara cavab verilmişdir. Fransa-Rusiya dostluq qrupunun sədri Patris Jerar Azərbaycanı iqtisadi inkişaf sahəsində həsəd aparmalı ölkə adlandırmış, ölkənın xüsusilə bank sahəsində çox irəliləyişə nail olduğunu qeyd etmişdir. Sonuncu məsələyə aydınlıq gətirən nazir demişdir ki, Azərbaycanda 45 bank fəaliyyət göstərir. Onların 43-ü özəldir, biri tamamilə, digərinin isə səhmlərinin 51 faizi dövlət nəzarətindədir.
Görüşdə Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun sədri Gülər Əhmədova və Fransanın Bakıdakı səfiri Şantal Puare iştirak etmişlər.