AZƏRBAYCAN GƏNCLƏRİNİN XARİCİ ÖLKƏLƏRDƏ TƏHSİLİ ÜZRƏ DÖVLƏT PROQRAMININ İCRASINA HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyulun 12-də Təhsil Nazirliyində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icrasına həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə təhsil işçiləri, ABŞ-ın respublikamızdakı səfirliyinin, Alman Akademik Mübadilə Xidmətinin (DAAD) və digər beynəlxalq qurumların nümayəndələri iştirak etmişlər.
Təhsil naziri Misir Mərdanov Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın əhəmiyyətini vurğulamış və bildirmişdir ki, bu proqrama uyğun olaraq, 2015-ci ilədək 5 min azərbaycanlı gənc xarici ölkələrin ən nüfuzlu universitetlərində respublikamız üçün vacib olan ixtisaslar üzrə təhsil almağa göndəriləcəkdir.
Nazirlər Kabineti bu il iyunun 3-də proqramın icrasını təmin etmək məqsədilə “Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim qaydaları”nı, “Azərbaycan gənclərinin xaricdə təhsil almaları məqsədi ilə seçilmiş ali təhsil müəssisələrinin siyahısı”nı və “Azərbaycan gənclərinin xaricdə təhsil almaları üzrə prioritet sahə, ixtisas və proqramların siyahısı”nı təsdiq etmişdir.
Nazir xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçimi ilə bağlı müəyyənləşdirilmiş qaydaları açıqlamışdır.
Qeyd edilən proqrama əsasən azərbaycanlı tələbələrin müvafiq ölkələrə göndərilməsi üçün Fransanın “Knous”, Almaniyanın DAAD təşkilatları və ABŞ Dövlət Departamentinin “Fulbrayt” proqramı ilə əməkdaşlığın hüquqi bazası yaradılmışdır.
M.Mərdanov bu il müvafiq proqram çərçivəsində 200-dək Azərbaycanlı gəncin ayrı-ayrı xarici ölkələrin, o cümlədən Almaniya, Türkiyə, ABŞ, Fransa, Rusiya, Koreya Respublikasının ali məktəblərində təhsil almağa göndərilməsinin nəzərdə tutulduğunu da bildirmişdir.
Sonra suallara cavab verilmişdir.
######
