AZƏRBAYCAN HƏRBÇİLƏRİ NATO-NUN TƏDBİRLƏRİNDƏ İŞTİRAK EDİRLƏR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində iyunun 23-dən 27-dək İspaniyanın Madrid şəhərində “Sülhü Dəstəkləmə Əməliyyatları” konfransı, Ukraynanın Lvov şəhərində “Rapid Trident 2008” təliminin yekun planlaşdırma konfransı, Brüssel şəhərində (Belçika) NATO Yanacaq Komitəsinin işçi görüşü, iyunun 23-dən iyulun 4-dək Budapeşt şəhərində (Macarıstan) “Müəllimlər üçün Hərbi Terminologiya” kursu keçirilir. İyunun 24-dən 26-dək Tbilisi şəhərində (Gürcüstan) SNT Konsepsiyalarının təkmilləşdirilməsi və təcrübələrin həyata keçirilməsi üzrə işçi görüşü, iyunun 30-dan iyulun 11-dək Türkiyənin İzmir şəhərində “Hərbi Hava Əməliyyatları üzrə terminologiya” kursu keçiriləcəkdir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, həmin tədbirlərdə Silahlı Qüvvələrimizin nümayəndələri də iştirak edirlər.