AZƏRBAYCAN HEYKƏLTƏRAŞI NATİQ ƏLİYEV RUSİYA RƏSSAMLIQ AKADEMİYASININ AKADEMİKİ SEÇİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, tanınmış Azərbaycan heykəltəraşı, xalq rəssamı, professor Natiq Əliyev Rusiya Rəssamlıq Akademiyasının (RRA) akademiki fəxri adına layiq görülmüşdür.
Bu münasibətlə Rusiya Rəssamlıq Akademiyasında təntənəli mərasim keçirilmişdir. Mərasimdə RRA-nın prezidenti Zurab Sereteli Azərbaycan heykəltəraşına Akademiyanın medalını, “Dostoynomu” medalını, fəxri fərman və akademik mantiyasını təqdim etmişdir. Zurab Sereteli heykəltəraşın yaradıcılığını yüksək qiymətləndirərək vurğulamışdır ki, N.Əliyev bu ada Akademiyanın Rəyasət Heyətinin yekdil qərarı ilə layiq görülmüşdür.
Mərasimdə iştirak edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirmişdir ki, Natiq Əliyev Azərbaycanın ən istedadlı heykəltəraşlarından biridir. O, diqqəti sənətkarın sonuncu işinə - böyük dövlət xadimi və ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illiyi münasibətilə mayın 10-da ölkəmizin Rusiyadakı səfirliyində açılmış ulu öndərin qorelyefinə cəlb edərək bildirmişdir ki, Heydər Əliyev 1990-cı ilin yanvarında məhz həmin binada sovet qoşunlarının Bakıya yeridilməsinə etirazını bildirərək, Sovet İttifaqı rəhbərliyini öz xalqına qarşı təcavüz etməkdə təqsirləndirmişdir. Səfir demişdir: “Bu, totalitar sistemin hökm sürdüyü vaxtlarda çox böyük vətəndaşlıq cəsarəti, böyük siyasi iradə tələb edən addım idi”.
Heydər Əliyevin qorelyefi səfirliyin binasında açılmazdan əvvəl Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Sereteli və Akademiyanın vitse-prezidenti, Azərbaycanın xalq rəssamı Tahir Salahov bu işlə tanış olub, onu “yüksək bədii dəyərlərə malik incəsənət əsəri” adlandırmışlar. Ümummilli liderin qorelyefi onlara elə güclü təsir etmişdir ki, Akademiyanın Rəyasət Heyəti Natiq Əliyevin Akademiyanın fəxri üzvü seçilməsi barədə yekdilliklə qərar qəbul etmişdir.
Qeyd etmək lazımdır ki, Natiq Əliyev ulu öndərin ötən il Azərbaycanın Rusiyadakı səfirliyində açılmış mərmər büstünün də müəllifidir.