AZƏRBAYCAN İCMASININ ÜZVLƏRİ İLƏ GÖRÜŞ
AZƏRTAC-ın xüsusi müxbirləri xəbər verirlər ki, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 27-də Vaşinqtonda, onun üçün ayrılmış iqamətgahda ABŞ-dakı Azərbaycan icmasının üzvləri ilə görüşmüşdür.
Ölkəmizin ABŞ-dakı səfiri Hafiz Paşayev görüşü açaraq, ulu öndər Heydər Əliyevin Azərbaycan diasporuna daim diqqət və qayğı göstərdiyini, xarici səfərləri zamanı onun təmsilçiləri ilə müntəzəm görüşlərin əsasını qoyduğunu xatırlatdı. Hazırda Azərbaycan dövlətinin diasporla əlaqələrə xüsusi önəm verdiyini bildirən səfir, görüşdə iştirakına görə Prezident İlham Əliyevə təşəkkür edərək dedi ki, soydaşlarımızda Sizinlə görüşə maraq çox böyükdür. H.Paşayev Amerikadakı Azərbaycan icmasının son iki ildə xeyli fəallaşdığını, onun təmsilçilərinin Bakıda Dünya azərbaycanlılarının II qurultayında iştirak etdiklərini, ABŞ-da gözəçarpan tədbirlər, o cümlədən Xocalı soyqırımı ilə bağlı etiraz aksiyaları keçirdiklərini vurğuladı.
Prezident İlham Əliyev görüşdə nitq söylədi. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan sürətlə inkişaf edən ölkədir və müxtəlif dövlətlərlə əlaqələrini günbəgün genişləndirir. Amerika Birləşmiş Ştatları ilə səmərəli əməkdaşlığımız var və bu münasibətlər sürətlə inkişaf edir.
Prezident bir çox mühüm məsələlərlə bağlı diplomatik səylərin artırılması ilə yanaşı, güclü diaspora da ehtiyac olduğunu söyləyərək, onun imkanlarından səmərəli istifadə etməyin zəruriliyini vurğuladı və dedi ki, Azərbaycanın dünyadakı mövqeyinin artması hamımız üçün fəxrdir.
Dövlətimizin başçısı əsas diqqətin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəldiyini, bu istiqamətdə birgə fəaliyyətin gücləndirilməsinin zəruriliyini vurğuladı. Xatırlatdı ki, diasporla işin daha da təkmilləşdirilməsi üçün Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılmışdır, dövlətimiz diasporun formalaşdırılması və möhkəmləndirilməsinə kömək edir, Kaliforniya ştatında Azərbaycan Respublikasının Baş konsulluğu fəaliyyətə başlamışdır. O vurğuladı ki, ermənilərin uydurma soyqırımı, habelə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaydıqları yalan məlumatların qarşısını almaq üçün informasiya mübarizəsini gücləndirməliyik. Bu baxımdan Azərbaycan haqqında əsil həqiqətlərin dünyaya çatdırılması sahəsində işlərin mütəmadi davam etdirilməsi və səfirliklərin fəaliyyəti xüsusi önəm daşıyır. Xarici ölkələrdə etiraz aksiyalarının, müvafiq tədbirlərin keçirilməsi müsbət haldır. Dövlətimizin başçısı ermənilərin Qarabağ torpağına gəlmə olduqlarını təsdiqləyən, tariximizin düzgün təbliği ilə bağlı müfəssəl nəşrlərin, eləcə də yeni ensiklopediyanın çap olunacağını bildirdi və dedi ki, ideoloji iş indiki şəraitin tələblərinə uyğun qurulmalıdır. Erməni təbliğatı kimi yalana, böhtana deyil, həqiqətə, reallığa əsaslanmalıdır.
Prezident İlham Əliyev xaricdəki Azərbaycan icmaları, dərnəkləri arasında əlaqələndirmə işlərinin gücləndirilməsini və onların düşünülmüş konkret plan əsasında fəaliyyət göstərməsinin zəruriliyini bildirdi. Dövlətimizin başçısı dedi ki, biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini həll etmək, yurd-yuvasından didərgin düşmüş insanları geri qaytarmaq, bölgədə sülhü tam bərpa etmək, ölkədə demokratikləşmə prosesini və islahatları həyata keçirmək üçün vahid mövqedən çıxış etməliyik. Belə olan halda, nailiyyətlərimiz daha da artacaqdır.
Amerika Azərbaycanlıları Cəmiyyətinin sədri Tomris Azəri, Amerika-Azərbaycan Şurasının prezidenti Ceyhun Mollazadə, Dünya Azərbaycanlıları Konqresinin Amerika təmsilçisi Rza Seleşur, ABŞ-da fəaliyyət göstərən “GünAz” TV-nin rəhbəri Əhməd Obalı, Amerika Azərbaycanlıları Cəmiyyətinin üzvü Leyla Rzaquliyeva görüşdə çıxış edərək fikir və mülahizələrini bölüşdülər. Onlar Azərbaycan Prezidentinin Vaşinqtona səfəri çərçivəsində keçirilən bu görüşü yüksək qiymətləndirdilər, diasporun problemlərindən və gələcək planlarından danışdılar. ABŞ-dakı azərbaycanlıların vahid mərkəzdə birləşməsi barədə təklif dövlətimizin başçısı tərəfindən də dəstəkləndi.
Prezident İlham Əliyev əsas məqsəd və amal uğrunda səylərin birləşdirilməsinin əhəmiyyətini bir daha vurğuladı, bəzi siyasi qüvvələrin ölkəmiz haqqında mənfi imic yaratmasına təəssüfləndiyini bildirdi, diasporun fəaliyyətinin daha da gücləndirilməsi və digər təkliflərlə bağlı məsləhət və tövsiyələrini verdi.