Azərbaycan İkinci Dünya müharibəsində Qələbənin qazanılmasına mühüm töhfələr verib
Bakı, 7 may, AZƏRTAC
Mayın 7-də paytaxtın Nərimanov rayonunda İkinci Dünya müharibəsində iştirak etmiş həmvətənlərimizin xatirəsinə ucaldılmış memorial kompleksin qarşısında “İkinci Dünya müharibəsi və Azərbaycan” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Hərb Tarixi Muzeyinin kollektivi, Müdafiə Nazirliyinin nümayəndələri, İkinci Dünya müharibəsi veteranları və tatar icmasının üzvləri iştirak ediblər.
Əvvəlcə İkinci Dünya müharibəsində iştirak etmiş həmvətənlərimizin xatirəsinə ucaldılmış memorial kompleksin qarşısına əklil qoyulub, xalqımızın ümummilli lider Heydər Əliyevin, İkinci Dünya müharibəsində həlak olan oğul və qızlarımızın, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə tədbirdə çıxış edərək xalqımızın faşizm üzərində tarixi Qələbəyə böyük töhfə verdiyini bildirib. O, bu şanlı zəfərin qazanılmasında xidmətləri olan xalqımızın 700 minədək oğul və qızını cəbhəyə yola saldığını, onların təxminən yarısının döyüşlərdə həlak olduğunu vurğulayıb. Qeyd edilib ki, Azərbaycanın 130-dan çox vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabit müxtəlif orden və medallarla təltif olunub.
Ə.Qənizadə diqqətə çatdırıb ki, faşizm üzərində Qələbənin qazanılmasında azərbaycanlılardan ibarət 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı atıcı diviziyalar böyük qəhrəmanlıq nümunəsi göstərib.
Muzeyin rəis müavini, ehtiyatda olan polkovnik-leytenant Tələt Qarayev və digər çıxış edənlər şanlı Qələbəyə Bakı neftinin töhfəsinin əvəzsiz olduğunu söyləyib, veteranlara göstərilən dövlət qayğısından danışıblar. Veteranlarımızın ölkəmizin ictimai-siyasi həyatında, xüsusən gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsi işində fəal iştirakı təqdir edilib.