Azərbaycan İlahiyyat İnstitutunun tələbələri üçün Türkiyədə beynəlxalq yay məktəbi təşkil ediləcək
Bakı, 14 iyul, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) və Bakı İlahiyyat Kollecinin tələbələri Aİİ, Türkiyə Dəyanət Vəqfi və TİKA-nın birgə təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərində baş tutacaq beynəlxalq “Yay məktəbi”ndə iştirak edəcəklər.
İlahiyyat İnstitutundan AZƏRTAC-a bildirilib ki, yay məktəbi iyulun 20-dən avqustun 5-dək təşkil olunacaq. Layihə çərçivəsində tələbələr üçün zəngin tədris və mədəni proqram nəzərdə tutulub. Proqramda “Türkiyədə və Amerikada İslam araşdırmaları”, “Ərəb dünyasında kitab və nəşriyyat mədəniyyəti”, “Əlyazma əsərlər ənənəsi”, “İlahiyyat təhsili”, “Fiqh təhsilinin metodologiyası”, “İslam şəhərsalma ənənəsi və memarlığı”, “Müasir dünyada əxlaqi dəyərlər”, “İnsan və cəmiyyətin dərk edilməsi” mövzularında mühazirələr oxunacaq. Tədris proqramı ilə yanaşı, tələbələrin nəzəri biliklərinin praktik mühitdə zənginləşdirilməsi məqsədilə Türkiyə Dəyanət Vəqfinin İslam Araşdırmaları Mərkəzinə (İSAM), Rami Kitabxanasına, 29 Mayıs Universitetinə, Sahni-Səman mədrəsələrinə, Fuat Sezgin Elm Tarixi Muzeyinə, habelə Bursa şəhərinin tarixi məkanlarına ekskursiyalar nəzərdə tutulub. Proqram müddətində tələbələrin asudə vaxtlarının səmərəli təşkili, elmi-mədəni dünyagörüşlərinin genişləndirilməsi, beynəlxalq akademik mühitlə yaxından tanış olmaları məqsədilə müxtəlif tədbirlər həyata keçiriləcək.