AZƏRBAYCAN İLƏ ABŞ ARASINDA KƏND TƏSƏRRÜFATI SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ ƏLAQƏLƏRİ MÜZAKİRƏ EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 22-də Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində ABŞ-ın Dövlət və Kənd Təsərrüfatı departamentlərinin bir qrup nümayəndəsi ilə görüş keçirilmişdir.
Görüşdə nazir İsmət Abasov ölkəmizin müstəqilliyini və ərazi bütövlüyünü tanıyan və dəstəkləyən ilk dövlətlərdən olan ABŞ ilə Azərbaycan arasında mövcud strateji əməkdaşlığın dövlətlərimizin xarici siyasət kursunda önəmli yer tutduğunu qeyd etmişdir. Bu əlaqələrin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğu və hazırda Prezident İlham Əliyev tərəfindən yeni müstəvidə uğurla davam etdirildiyi xüsusi vurğulanmışdır. Nazir görüş iştirakçılarına aqrar sahədə həyata keçirilən islahatlar, qazanılmış uğurlar, kənd təsərrüfatının prioritet istiqamətləri, investisiya imkanları barədə ətraflı məlumat vermişdir.
İsmət Abasov ABŞ hökumətinin, onun müxtəlif qurumlarının Azərbaycanda aparılan genişmiqyaslı iqtisadi islahatların, o cümlədən aqrar sahədə islahatların həyata keçirilməsində, yeni texnologiyaların tətbiqində yaxından iştirakını qeyd etmişdir. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə və texniki yardımı ilə Göyçay süd emalı zavodunda yeni texnologiyaların tətbiqi nəticəsində beynəlxalq standartlara uyğun 18 adda məhsul istehsal edildiyi bildirilmişdir. Bundan əlavə, ABŞ hökumətinin maliyyə dəstəyi ilə Cəlilabadda kənd təsərrüfatı məhsullarının saxlanılması üçün müasir anbarın tikilməsi, dost ölkənin Müdafiə Nazirliyinin layihəsi üzrə bəzi baytarlıq diaqnostika laboratoriyalarının inşası və müasir avadanlıqlarla təchizatı, ”Valmont” şirkətinin Biləsuvar və Yevlax rayonlarındakı 1000 hektara yaxın pambıq sahəsində yeni becərmə və suvarma texnologiyalarının tətbiqi ilə gördüyü işlər və digər layihələrin verdiyi səmərə diqqətə çatdırılmışdır. Azərbaycanda məhsulun qablaşdırılması üçün əlverişli investisiya mühitinin olduğunu deyən nazir, ölkəmizdə istehsal olunan məhsulların ABŞ bazarlarına çıxarılmasının zəruriliyini də vurğulamışdır.
ABŞ Kənd Təsərrüfatı Departamentinin satış üzrə baş meneceri Körk Miller, Dövlət Departamentinin kommersiya və biznes işləri üzrə xüsusi nümayəndəsi Frank Mermud Azərbaycanın neft sektoru ilə yanaşı, qeyri-neft bölməsinin inkişafında qazanılmış uğurları yüksək qiymətləndirərək, ölkəmizin müxtəlif iqlim zonalarından tam faydalanmasını dəstəkləyəcəklərini nəzərə çarpdırmışlar. Bildirilmişdir ki, bitki mühafizəsi və baytarlıq sahələrinin beynəlxalq standartlara uyğun qurulması Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının təkcə ABŞ bazarlarına deyil, eyni zamanda Qərb və Şərq ölkələri bazarlarına çıxarılmasına da imkan yaradacaqdır.
Görüşdə ABŞ tərəfindən həyata keçirilməsi nəzərdə tutulan texniki yardım layihəsi barədə geniş fikir mübadiləsi aparılmışdır.
Nazir İsmət Abasov Azərbaycanın aqrar sahəsinə göstərilən diqqət və əməkdaşlığa görə ABŞ hökumətinin nümayəndələrinə təşəkkürünü bildirmiş və ölkələrimiz arasında hərtərəfli əlaqələrin bundan sonra daha da genişləndirilməsinə ümidvar olduğunu söyləmişdir.