Azərbaycan ilə Belarus arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur
Bakı, 21 noyabr (AZƏRTAC). İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev noyabrın 21-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində ölkəmizdə səfərdə olan Belarusun sənaye naziri Dmitri Kateriniç ilə görüşmüşdür.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, görüşdə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini, əlaqələrimizin genişləndirilməsində qarşılıqlı rəsmi səfərlərin, keçirilən görüşlərin əhəmiyyətini vurğulamışdır.
Azərbaycan və Belarus arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdıran Belarus Respublikasının sənaye naziri Dmitri Kateriniç Azərbaycanın dinamik iqtisadi inkişafından məmnunluğunu bildirmiş, ölkəsinin Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini, qarşılıqlı əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini ifadə etmişdir.
Görüşdə Azərbaycan və Belarus arasındakı iqtisadi əlaqələrin mövcud vəziyyəti, əməkdaşlığın inkişaf perspektivləri, Gəncə Avtomobil Zavodu ilə Belarusun Minsk Traktor Zavodu və Avtomobil Zavodu arasında işgüzar və bu əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədi ilə Sumqayıt Texnologiyalar Parkı ilə Belarusun adıçəkilən zavodları arasında kooperasiya əlaqələrinin qurulması müzakirə edilmişdir.