Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlıq imkanları müzakirə edilib
Bakı, 25 iyun, AZƏRTAC
İyunun 25-də Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfiri Muhəmməd Əl Bluşi ilə görüşüb.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, qarşılıqlı əməkdaşlıq imkanlarının müzakirə olunduğu görüşdə B.Muradova Azərbaycanla BƏƏ arasında münasibətlərin ortaq tarixə, milli və mədəni dəyərlərə əsaslandığını, qarşılıqlı hörmət və əməkdaşlıq ruhunda inkişaf edən tərəfdaşlıq xarakteri daşıdığını bildirib. O, son illər ərzində iki ölkə arasında iqtisadi, ticari, siyasi əlaqələrin dinamikasının müsbət istiqamətdə dəyişdiyini, bir sıra strateji sahələrdə, həmçinin rəqəmsal texnologiyalar və yaşıl enerji sektorlarında mühüm əməkdaşlıqların qurulduğunu deyib. Əlavə edib ki, bu uğurlar təkcə iki ölkənin deyil, eyni zamanda, regionun inkişafına və rifahına xidmət göstərir.
İnsan kapitalını tükənməz enerji adlandıran Bahar Muradova hər iki ölkənin bu kapitalın inkişafı və rifahının təmin olunmasını əsas hədəf kimi müəyyənləşdirdiyini vurğulayıb. Komitənin fəaliyyət istiqamətlərindən söz açan sədr beynəlxalq təcrübə mübadiləsinin əməkdaşlığın yeni mərhələyə keçməsinə zəmin yaratdığını qeyd edib. O, həmçinin bu sahədə parlamentlərarası əməkdaşlıqda və qarşılıqlı layihələrin icrasında əlaqələrin intensivləşməsinin əhəmiyyətindən danışıb.
Səfir Muhəmməd Əl Bluşi iki ölkə arasındakı yüksəksəviyyəli ikitərəfli münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə əsaslandığını vurğulayıb. Səfir Azərbaycan və BƏƏ dövlət başçılarının qarşılıqlı səfərləri və görüşlərinin, xüsusilə də COP29 ərəfəsində keçirilən yüksəksəviyyəli görüşlərin ticari, iqtisadi və mədəni sahələrdə artan mübadilənin daha da dərinləşməsinə təkan verdiyini qeyd edib.
Görüş çərçivəsində ailə, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində əməkdaşlıq imkanları müzakirə olunub, bu istiqamətdə BƏƏ-nin Ailə Müdafiəsi Nazirliyi ilə əlaqələrin qurulması və qarşılıqlı görüşlərin təşkili təklif edilib. Tərəflər bu sahədə təcrübə mübadiləsinin və institusional əməkdaşlığın gələcəkdə hər iki ölkənin sosial siyasətinə töhfə verəcəyinə əminliklərini ifadə ediblər.