AZƏRBAYCAN İLƏ İTALİYA ARASINDA HÜQUQİ SAHƏDƏ ƏMƏKDAŞLIQ GENİŞLƏNİR
Dövlətlərimiz arasında dostluq əlaqələrinin və səmərəli əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayan Azərbaycanın ədliyyə naziri, qonağa ölkəmizdə həyata keçirilən demokratik dəyişikliklər, o cümlədən məhkəmə-hüquq sahəsində mütərəqqi islahatlar barədə ətraflı məlumat vermiş, əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.
Səmimi qəbula görə minnətdarlığını bildirən nazir Roberto Kastelli İtaliyanın Azərbaycan ilə hərtərəfli, eləcə də hüquqi, ədliyyə və məhkəmə fəaliyyəti sahəsində əməkdaşlığa, təcrübə mübadiləsinə mühüm önəm verdiyini qeyd edərək, ölkəmizdə həyata keçirilən islahatları yüksək qiymətləndirmişdir.
Sonra ölkələrimizin ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında anlaşma memorandumunun həyata keçirilməsi üzrə İcra Protokolunun imzalanması mərasimi olmuşdur. Sənəddə ədliyyə fəaliyyətinin müxtəlif sahələri, o cümlədən məhkəmə qərarlarının icrası və penitensiar sistem üzrə təcrübə mübadiləsi, informasiya texnologiyalarının tətbiqi sahəsində əməkdaşlıq və digər tədbirlər nəzərdə tutulmuşdur.
Mərasimdə çıxış edən nazirlər dövlətlərimizin hüquqi sahədə əməkdaşlığın inkişafında və daha da möhkəmləndirilməsində maraqlı olduğunu qeyd edərək, imzalanmış sənədin əhəmiyyətini vurğulamışlar.
Tədbirdən sonra qonaqlar nazirlikdə Heydər Əliyev muzeyi və ədliyyə tarixi muzeyi, habelə səfərlə bağlı hazırlanmış və Azərbaycan-İtaliya əməkdaşlığını əks etdirən ekspozisiyalarla tanış olmuşlar.