AZƏRBAYCAN İLƏ KOREYA RESPUBLİKASININ GÖMRÜK XİDMƏTLƏRİ ARASINDA ƏLAQƏLƏR GENİŞLƏNİR
Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, aprelin 7-də komitənin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin Koreya Respublikası Gömrük Xidmətinin tədqiqat və texnologiyalar üzrə direktoru Bayk Hyun Çu ilə görüşündə də ikitərəfli münasibətlərə təkan verən amillər, perspektivlərlə bağlı geniş fikir mübadiləsi aparılmışdır.
Azərbaycanla Koreya Respublikası arasında iqtisadi-ticarət əlaqələrindən bəhs edən Aydın Əliyev, əməkdaşlığın daha da möhkəmlənməsi üçün əsaslı zəmin olduğunu vurğulamışdır. DGK sədri Azərbaycan Dövlət Gömrük Xidmətinin keçdiyi yoldan, iş prosesində müasir texnologiyalardan istifadə, avtomatlaşdırılmış idarəetmə sisteminin yaradılması sahəsində əldə olunmuş uğurlardan, gömrük sisteminin beynəlxalq standartlara uyğun qurulması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs etmişdir.
DGK sədri dost ölkənin gömrük xidmətinin rəhbərini Azərbaycana dəvət etdiyini koreyalı həmkarına çatdırmağı qonaqdan xahiş etmişdir.
Azərbaycan ilə Koreya Respublikası arasında yaranan münasibətləri yüksək qiymətləndirən Bayk Hyun Çu, Azərbaycan gömrük xidmətində qısa müddət ərzində aparılan köklü islahatlar nəticəsində əsil sıçrayışa nail olunduğunu, Dövlət Gömrük Komitəsinin potensialının gücləndirilməsi və məlumatların ötürülməsi şəbəkəsinin yaradılması sahəsində böyük uğurlar qazanıldığını bildirmişdir.
DGK sədrinin dəvətini ölkəsinin gömrük xidmətinin sədrinə çatdıracağını söyləyən qonaq, gömrük sahəsində ikitərəfli əlaqələrin dərinləşməsində qarşılıqlı səfərlərin mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurğulamışdır.
X X X
Aydın Əliyev elə həmin gün Koreya Respublikasının Sənayenin İnkişafına Yardım Agentliyinin (KİPA) nümayəndə heyəti ilə görüşmüşdür.
Komitə sədri Koreya ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin geniş bir sahəni əhatə etdiyini bildirmiş, mövcud münasibətlərin dərinləşməsində gömrük xidmətlərinin də üzərinə mühüm vəzifələr düşdüyünü söyləmişdir.
Bu günlərdə Dünya Gömrük Təşkilatının Bakıdakı Regional Tədris Mərkəzində keçirilən və informasiya texnologiyalarının tətbiqi sahəsində Koreya təcrübəsinin öyrənilməsinə həsr olunmuş seminarı dost ölkələrimizin gömrük əməkdaşlığına daha bir töfhə kimi dəyərləndirən Aydın Əliyev seminarda Koreya Sənayenin İnkişafına Yardım Agentliyinin nümayəndələrinin fəal iştrakından söhbət açmışdır.
Əməkdaşlığın bütün sahələr üzrə uğurla inkişaf etdiyini diqqətə çatdıran sədr Koreya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin son üç ildə iki dəfə yarım artmasını iqtisadi münasibətlərdə növbəti müsbət addım kimi səciyyələndirmişdir.
Agentliyin məsləhətçisi Li Su Unq Azərbaycanda olduğu qısa müddət ərzində ölkədə baş verən müsbət dəyişikliklərin, sürətlə inkişaf edən iqtisadi tərəqqinin canlı şahidi kimi xoş təəssüratlarını bölüşmüşdür.
Bakıda keçirdikləri seminarın işini təcrübə mübadiləsi baxımından yüksək qiymətləndirən qonaq, Azərbaycan gömrükçülərinin informasiya texnologiyalarından istifadə sahəsində yiyələndikləri biliklərə heyran olduğunu, onların koreyalı həmkarlarından heç də geri qalmadıqlarını qeyd etmiş, iki ölkənin gömrük orqanları arasında əməkdaşlığın gələcəyinə ümidlə baxdığını söyləmişdir.
Görüşdə maraq doğuran məsələlər barəsində fikir mübadiləsi aparılmışdır.