AZƏRBAYCAN İLƏ LATVİYA ARASINDA SAZİŞLƏRİN HAZIRLANMASINA DAİR RAZILIĞA GƏLİNMİŞDİR
AZƏRTAC xəbər verir ki, Latviyada səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Mammadyarov aprelin 24-də həmkarı Maris Riekstinış ilə görüşmüşdür.
Nazirliyin mətbuat katibi Xəzər İbrahimin verdiyi məlumata görə, tərəflər ölkələr arasında konstruktiv tərəfdaşlığı vurğulamış, bu ilin yayında keçiriləcək hökumətlərarası komissiyanın iclasına və Latviya müdafiə nazirinin Azərbaycana planlaşdırılan səfərinə dair məsələləri müzakirə etmişlər.
Elmar Məmmədyarov komissiyanın iclasında iş adamlarının iştirakının vacibliyini vurğulamış, yüksək səviyyəli siyasi əlaqələrin iqtisadi inkişafla dəstəklənməsinin vacibliyini söyləmişdir.
Maris Riekstinış ölkəsinin Azərbaycanla əməkdaşlıqda çox maraqlı olduğunu, enerji və Avratlantika məsələləri daxil olmaqla müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsini arzulamışdır.
E.Məmmədyarov Prezident İlham Əliyevin Latviya Prezidentinə ünvanlanmiş dəvət məktubunu qarşı tərəfə təqdim etmiş, həmçinin latviyalı həmkarını ölkəmizə səfərə dəvət etmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında danışan E.Məmmədyarov Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Latviya tərəfinə təşəkkürünü bildirmiş və vurğulamışdır ki, Cənubi Qafqazda 4-cü dövlətə yer yoxdur. Ermənistanın yeni hökuməti bunu nəzərə almalı, danışıqlarda konstruktiv mövqe tutmalıdır. Münaqişənin həlli üçün başqa yol yoxdur.
Görüşdə müxtəlif sahələrdə, o cümlədən huquqi, viza və maliyyə sahələri üzrə 12 sazişin ekspertlər tərəfindən hazırlanmasına dair razılığa gəlinmişdir.
Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçirmişlər. Latviya nümayəndələri aprelin 29-30-da Bakıda keçiriləcək “GUAM-Tranzit” konransına dəvət olunmuşdur.
Riqada “Azadlıq” abidəsi önünə əklil qoyan xarici işlər naziri Elmar Məmmədyarov həmin gün Estoniya paytaxtına yola düşmüşdür.