Azərbaycan ilə Niderland arasında əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb
Haaqa, 5 fevral, AZƏRTAC
Azərbaycanın Niderlanddakı səfiri Fikrət Axundovun bu ölkənin Xarici İşlər Nazirliyinin Avropa və Şərq Tərəfdaşlığı üzrə xüsusi nümayəndəsi, səfir Yaap Frederikslə videoformatda görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Şərq Tərəfdaşlığı çərçivəsində yaranmış yeni perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan haqqında danışan səfir F.Axundov onun Cənubi Qafqazda ən böyük iqtisadiyyata malik ölkə, regiondakı irimiqyaslı neft-qaz və nəqliyyat layihələrinin təşəbbüsçüsü olduğunu, eləcə də Avropanın enerji təhlükəsizliyinin şaxələndirilməsinə önəmli töhfə verdiyini bildirib.
Tərəflər Ermənistan ilə Azərbaycan arasındakı hazırkı münasibətlərə də toxunublar. Səfir 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli Bəyanatdan sonra atəşkəsin bərqərar olduğunu bildirib. Səfir bu sənədin regionda nəqliyyat və kommunikasiyaların açılması üçün geniş imkanlar yaratdığını, bu çərçivədə Şərq Tərəfdaşlığının gələcəyi üçün Ermənistanın konstruktiv mövqe tutmasının və digər ölkələrə qarşı ərazi iddialarından əl çəkməsinin önəmini vurğulayıb.
Azərbaycan ilə Niderland arasında ikitərəfli münasibətlərə toxunan F.Axundov Niderlandın 125 şirkətinin ölkəmizdə kənd təsərrüfatı, sənaye və xidmətlər kimi müxtəlif sahələrdə fəaliyyət göstərdiyini deyib. O, Niderland parlamentinin 2020-ci ilin son 4 ayı ərzində münaqişə ilə bağlı səsləndirdiyi əsassız və qərəzli bəyanatların, o cümlədən Azərbaycana qarşı tam və ya qismən qərəzli qəbul edilmiş 11 qətnamənin ikitərəfli münasibətlərə ciddi xələl gətirdiyini bildirib.
Y.Frederiks hökumətin bu qətnamələrlə bağlı mövqeyinin parlamentinkindən tam fərqləndiyini və Niderland hökumətinin onları icra etmədiyini vurğulayıb. O, Niderlandın xarici siyasətinin xarici işlər naziri tərəfindən formalaşdırıldığını və bu siyasətin Azərbaycan tərəfinə yaxşı məlum olduğunu diqqətə çatdırıb.
Görüş zamanı tərəflər Azərbaycan ilə Aİ arasında enerji, nəqliyyat, iqlim sahələrində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Niderlandlı diplomat ölkəsinin Azərbaycan iqtisadiyyatına mümkün investisiya imkanları ilə maraqlanıb. Azərbaycan səfiri qeyd edib ki, Avropa İttifaqı ölkələri arasında əsasən İtaliya və Almaniya Azərbaycanla iqtisadi əlaqələrini genişləndirərək, ölkəmizdə birgə layihələr həyata keçirirlər. Yaap Frederiks ölkəsinin Ukrayna və Türkiyə iqtisadiyyatına sərmayə qoyduğunu, Azərbaycanla da iqtisadi əlaqələri genişləndirməkdə maraqlı olduğunu diqqətə çatdırıb.
Tərəflər belə görüşlərin gələcəkdə də keçirilməsinin vacibliyini qeyd ediblər.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Haaqa