Azərbaycan ilə Rusiyanın Xabarovsk diyarı arasında əməkdaşlığın qurulması məsələləri müzakirə olunub



Moskva, 27 mart, AZƏRTAC
Azərbaycanın Rusiyanın Yekaterinburq şəhərindəki baş konsulu İlqar İskəndərov Xabarovsk diyarına səfər edib. Baş konsulluqdan AZƏRTAC-a bildiriblər ki, səfərin məqsədi Azərbaycan ilə Xabarovsk arasında əməkdaşlıq əlaqələrinin qurulması, region rəhbərliyi və burada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri ilə görüşlərin keçirilməsi olub.
Səfər çərçivəsində baş konsul Xabarovsk diyarı Azərbaycan Konqresi və Azərbaycanlılar Birliyi ictimai təşkilatlarının nümayəndələri ilə görüşüb. Görüşdə Xabarovsk hökuməti daxili siyasət komitəsinin milli birliklərlə əməkdaşlıq şöbəsinin müdiri Vladimir Fetisov, Xabarovsk diyarı Xalqları Assambleyasının sədr müavini Valeri Xidirov, Primorsk diyarındakı azərbaycanlıların Dostluq ictimai təşkilatının sədri Ramiz Zeynalov iştirak ediblər.
İ.İskəndərov baş konsulluğun fəaliyyəti və Azərbaycan ilə Rusiyanın müxtəlif regionları arasında əməkdaşlıq əlaqələri haqqında məlumat verib. Xabarovsk diyarı Azərbaycan Konqresi və Azərbaycanlılar Birliyi təşkilatlarının rəhbərləri Vurğun Mehdiyev və Bəhram Məmmədov çıxış edərək başçılıq etdikləri qurumların fəaliyyəti, keçirilmiş tədbirlər haqqında danışıblar.
Baş konsul Xabarovsk diyarı hökumətinin nümayəndələri ilə də görüşüb. Görüşdə beynəlxalq və regionlararası əməkdaşlıq nazirinin müavini Maksim Tarasov, daxili siyasət komitəsi milli birliklərlə əməkdaşlıq şöbəsinin müdiri Vladimir Fetisov, Mədəniyyət Nazirliyinin Turizm Komitəsinin sədr müavini Viktoriya Xan və Rusiya Xarici İşlər Nazirliyinin Xabarovsk şəhərindəki nümayəndəliyinin əməkdaşı Yevgeni Los iştirak ediblər. Nazir müavini M.Tarasov Azərbaycanın rəsmi nümayəndəsinin regiona ilk səfərinin əhəmiyyətini qeyd edərək, Xabarovsk diyarının müxtəlif sahələrdə, o cümlədən iqtisadi və turizm sahələrində Azərbaycan ilə əməkdaşlıqda, birgə layihələrin həyata keçirilməsi və respublikamızda təşkil olunan beynəlxalq tədbirlərdə iştirak etməkdə maraqlı olduğunu diqqətə çatdırıb.
İ.İskəndərov ölkəmizdə müxtəlif sahələrdə gedən inkişaf prosesləri barədə görüş iştirakçılarına məlumat verib, respublikamızda təşkil olunan mühüm tədbirlər, idman yarışları və xüsusi olaraq da beynəlxalq mədəniyyət və humanitar forumlar haqqında danışıb. Diplomat Prezident İlham Əliyevin Azərbaycanın Rusiya regionları ilə əməkdaşlıq əlaqələrinin inkişafına böyük önəm verdiyini vurğulayıb, Uzaq Şərq regionunun Azərbaycanla əməkdaşlıq üçün böyük potensiala malik olduğunu bildirib. Baş konsul iki ölkənin dövlət başçıları arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu qeyd edib, ötən ilin sentyabrında Bakıda keçirilmiş IX Azərbaycan-Rusiya Regionlararası Forumunun işindən danışıb. O, Azərbaycanla Xabarovsk diyarı arasında əməkdaşlıq haqqında saziş layihəsinin hazırlanması və imzalanması təklifini irəli sürüb.
Baş konsul və yerli hökumət nümayəndələri Xabarovsk diyarı Xalqlarının Assambleyası və Azərbaycanlılar Birliyinin, eləcə də Azərbaycan Konqresi təşkilatının Novruz bayramı münasibətilə təşkil etdikləri şənliklərdə iştirak ediblər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva