AZƏRBAYCAN İLƏ TÜRKMƏNİSTAN ARASINDA İKİTƏRƏFLİ ƏMƏKDAŞLIĞIN DAHA DA GENİŞLƏNDİRİLMƏSİ ÜÇÜN MÖVCUD ŞƏRTLƏR ƏLVERİŞLİDİR
AZƏRTAC xəbər verir ki, aprelin 8-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkmənistanın ölkəmizə yeni təyin olunmuş səfiri Annaməmməd Məmmədov ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyindən (XİN) bildirmişlər ki, tərəflər qardaş xalqlar arasında əlaqələrin möhkəmləndirilməsinin hər iki dövlətin milli maraqlarına uyğun olduğunu, ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi üçün mövcud şərtlərin əlverişliliyini vurğulamışlar. Xüsusilə prezidentlərin görüşü, qarşılıqlı səfərlər, hökumətlərarası komissiyanın iclasının əhəmiyyəti vurğulanmış, Azərbaycan ilə Türkmənistan arasında bir sıra məsələlərin nizama salınması alqışlanmışdır.
Nazir E.Məmmədyarov əlverişli şəraitin əməkdaşlığı bütün istiqamətlərdə inkişaf etdirməyə əsas verdiyini, bu imkanlardan bəhrələnərək, XİN-lər arası məsləhətləşmələr keçirmək və energetika, humanitar, mədəniyyət, elm-təhsil, hərbi sferalarda birgə fəaliyyət qurmağın zəruriliyini vurğulamışdır.
Sonda səfir Annaməmməd Məmmədov etimadnaməsinin surətini nazir E.Məmmədyarova təqdim etmişdir.