Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin nəqliyyat nazirlərinin IX toplantısında təmsil olunub
Türkmənbaşı, 4 may, AZƏRTAC
Türkmənistanın “Avaza” Milli Turizm Zonasında İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin nəqliyyat nazirlərinin IX toplantısı keçirilib.
Tədbirdə Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Türkmənistan, Türkiyə, Tacikistan və Özbəkistandan 70-dən çox nümayəndə iştirak edib.
Tədbirdə ölkəmizi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Toplantı çərçivəsində keçirilən plenar iclasda nəqliyyat potensialının səmərəli istifadəsi, həmçinin turizm sektorunda əlaqələrin genişləndirilməsi, investisiya fəaliyyətinin təşviqi, nəqliyyat və logistika sahəsində faydalı əməkdaşlığın inkişafı ilə bağlı məsələlər müzakirə olunub.
Tədbirdə, eyni zamanda Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizinin tikintisi, Avropa-Qafqaz-Asiya (TRACECA) nəqliyyat dəhlizinin fəaliyyəti, Mərkəzi Asiya üçün Türkiyəyə çıxışı olan modal şosenin yaradılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
İclasın yekununda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin nəqliyyat nazirlərinin IX iclasının bəyannaməsi qəbul olunub.
Tədbir çərçivəsində beynəlxalq nəqliyyat əməkdaşlığı sərgisi də təşkil olunub.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Türkmənbaşı