AZƏRBAYCAN İSLAM KONFRANSI TƏŞKİLATINA YARDIM GÖSTƏRƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan İslam Konfransı Təşkilatının (İKT) katibliyinə qurumun rolunun artırılması və yeni əsasnaməsinin yerinə yetirilməsi üçün 500 min ABŞ dolları məbləğində yardım göstərəcəkdir.
Bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim iyunun 23-də keçirdiyi brifinqdə demişdir.
X.İbrahim bildirmişdir ki, Uqandanın paytaxtı Kampalada keçirilmiş İKT Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edən xarici işlər nazirinin müavini Vaqif Sadıqov Azərbaycanın belə bir qərar qəbul etdiyini söyləmişdir.
XİN-in sözçüsü, həmçinin vurğulamışdır ki, Kampala görüşündə bir neçə qətnamə qəbul edilmişdir. Bu sənədlərdə Ermənistanın Azərbaycana qarşı təcavüzü pislənmiş, işğal edilmiş bütün ərazilərindən erməni silahlı qüvvələrinin çıxarılması tələb olunmuş, bu günə qədər Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycana 60 milyard ABŞ dollarına yaxın zərər vurulduğu göstərilmişdir.