AZƏRBAYCAN KANOEÇİLƏRİNİN LONDON OLİMPİADASINDA MEDAL QAZANMA ŞANSLARI ARTDI
Bakı, 19 dekabr (AZƏRTAC). Beynəlxalq Kanoe Federasiyası (İCF) və Beynəlxalq Olimpiya Komitəsi (İOC) 2012-ci il London Yay Olimpiya Oyunlarında kayak və kanoe qayıqlarında avarçəkmə növünün proqramında dəyişikliklər edildiyini açıqlamışdır. Azərbaycan Milli Avarçəkmə Federasiyasının bildirmişlər ki, məsləhətləşmələrdən sonra İCF-in Direktorlar Şurası kişilərin 2 nəfərlik kanoe qayıqlarında 500 metrlik məsafəyə yürüşünün (C2 500 m) olimpiya proqramından çıxarılmasına səs verib. Əvəzində olimpiya proqramına qadınların 1 nəfərlik kayak qayıqlarında 200 metr məsafəyə yürüşü (K1 200 m) salınmışdır. Eyni zamanda, tamaşaçılar üçün maraqlı və cəlbedici alınması məqsədi ilə London Olimpiadasının proqramına kişi və qadın kayakçılar, eləcə də kişi kanoeçilərin 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşü (C1 200 m, K1 200 m) daxil edilmişdir. Bu dəyişikliklər son 3 ildə ətraflı araşdırmalardan və İCF-in Atlet və Texniki komitələrində müzakirələrdən sonra qəbul edilmişdir. İCF-nin prezidenti və İdarə Heyətinin üzvləri son dəyişikliklərə dair rəyini öyrənmək üçün 49 milli federasiya ilə əlaqə saxlamışdır.
Kayak və kanoe yarışlarında edilən dəyişikliklər avarçəkənlərin Yay Olimpiya Oyunlarında final yürüşləri zamanı 2 gün əvəzinə 3 gün mübarizə aparmalarına və arzu edəcəkləri təqdirdə, 1 yox, 2 məsafəyə yürüşə qatılmalarına şərait yaradacaqdır.
İCF kayak və kanoe üzrə yeniyetmələr və böyüklər arasında dünya çempionatlarının, böyüklər arasında Dünya Kubokunun proqramında da dəyişiklik etmişdir. Eyni zamanda, 2008-ci ildə keçirilmiş İCF-nin konqresinin qərarı ilə parakayak və parakanoe (əlil kayak və kanoeçilər) üzrə yarışlar da çempionatın proqramına daxil edilmişdir. Bütün dəyişikliklər nəticəsində 2010-cu ildə təşkil olunacaq dünya çempionatında 28 dəst medal uğrunda mübarizə gedəcəkdir. Dəyişiklikləri şərh edən İCF-in prezidenti Xose Perurena irəliyə doğru böyük addım atdıqlarını bildirmişdir. Onun sözlərinə görə, 500 metr məsafəyə yürüşün 200 metr məsafəyə yürüşlə əvəzlənməsi nəticəsində Yay Olimpiya Oyunlarında tamaşaçılar daha gərgin və maraqlı mübarizələrin şahidi olacaqlar.
Qeyd edək ki, Azərbaycan kanoeçilərindən Valentin Demyanenko məhz 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə bu il Avropa və dünya çempionu olub. Sergey Bezuqlıy - Maksim Prokopenko dueti isə olimpiya proqramında olan 2 nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşdə dünya çempionatının gümüş medalını qazanmışdır. Bütün bunlar kanoeçilərimizin 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqlarına və Olimpiadada medallar uğrunda mübarizə aparacaqlarına olan inamı artırır.