AZƏRBAYCAN KİNEMATOQRAFÇILAR İTTİFAQININ “QIZIL ÇIRAQ” MİLLİ MÜKAFATININ TƏQDİMATINA HAZIRLIQ GÖRÜLÜR
“Qızıl çıraq” kino mükafatı 1991-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən təsis edilmiş, lakin maliyyə çətinlikləri üzündən onu, nəzərdə tutulduğu kimi, hər il vermək mümkün olmamışdır.
1995-ci ildən 2003-cü ilədək “Azərbaycanfilm” kinostudiyasında, Lider, AzTV və digər özəl və dövlət teleşirkətlərində istehsal olunmuş 45 film müsabiqəyə təqdim edilmişdir.
Rüstəm İbrahimbəyovun başçılıq etdiyi münsiflər heyətinə Azərbaycanın tanınmış kino xadimləri Eldar Quliyev, Rasim Balayev, Rasim Ocaqov, Şəfiqə Məmmədova, Oqtay Mirqasımov, Ayaz Salayev, ümumən, Kinematoqrafçılar İttifaqı idarə heyətinin 34 üzvü daxildir. Qaliblər 12 nominasiya üzrə - bədii, sənədli, qısametrajlı filmlər, televiziya, animasiya filmləri, ən yaxşı rejissor işi, ən yaxşı ssenari üçün, kişi və qadın rollarının ifasına görə, ən yaxşı operator və ən yaxşı səs rejissorluğu üçün – müəyyən ediləcəkdir. Kinematoqrafçılar İttifaqının katibliyi tərəfindən təltif ediləcək beş nominasiya üzrə - ən yaxşı debütə, ən yaxşı prodüser işinə, ən yaxşı kino təbliğatına və tənqidinə, kinoda uzun müddət xidmətə və mesenatlığa görə mükafatlar da nəzərdə tutulmuşdur.
Mükafatların təqdimolunma mərasiminə Türkiyə, Rusiya, İsrail, Almaniya, Fransa, İngiltərə, ABŞ, Moldova və Ukraynadan qonaqların gələcəyi gözlənilir.