AZƏRBAYCAN KİNEMATOQRAFÇILARI MÜSABİQƏYƏ ÖZ İŞLƏRİNİ TƏQDİM EDƏCƏKLƏR
AZƏRTAC xəbər verir ki, Cənubi Qafqazın Müstəqil Kino Xadimləri Assosiasiyası (IFA-SC) “Asia Pacific Screen Awards” və Beynəlxalq Kinoprodüserlər Assosiasiyaları Federasiyası ilə birlikdə (FIAPF) Azərbaycan filmlərini “Asia Pacifi Screen Awards” mükafatına təqdim olunması üçün qəbul etmişlər.
IFA-SC 4 kateqoriya - “Bədii film”, “Tammetrajlı animasiya filmi”, “Tammetrajlı sənədli film”, “Tammetrajlı uşaq filmi” kateqoriyalarında filmlər seçəcəkdir. Filmlər avqustun 15-dək təqdim oluna bilər.
IFA-SC sentyabrın 1-də seçilmiş filmləri təqdim edəcəkdir. Bu ilin nominantlarını Asiya və Sakit okean regionundan kino ekspertləri, festivalların direktorları və proqram tərtibçiləri, kino tənqidçiləri və akademiklərdən ibarət Nominasiya Şurası seçəcəkdir.
Bütün kateqoriyalar üzrə nominasiyalar mükafatlandırma mərasiminə bir ay qalmış rəsmi konfransda elan olunacaqdır. Mükafatlar “Qran-pri”, “Ən yaxşı bədii film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı sənədli film”, Ən yaxşı uşaq filmi”, “Ən yaxşı rejissor işi”, “Ən yaxşı ssenari”, “Kinematoqrafda nailiyyətə görə”, “Ən yaxşı qadın roluna görə”, “Ən yaxşı kişi roluna görə” nominasiyalarında təqdim olunacaqdır. Kinematoqrafda qazanılan nailiyyətə görə iki mükafat- film vasitəsilə mədəni müxtəlifliyin inkişaf etdirilməsi və saxlanmasına görə YUNESKO-nun mükafatı, Asiya və Sakit okean regionunda kinematoqrafiya sahəsində nailiyyətə görə FIAPF mükafatı təqdim olunacaqdır.
“Asia Pacific Screen Awards” mükafatının ikinci təqdimolunma mərasimi noyabrın 11-də Avstraliyanın Qızıl sahillərində keçiriləcəkdir.