Azərbaycan könüllüləri üçün intellektual müsabiqəyə start verilib
Bakı, 11 iyun, AZƏRTAC
Yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə atdıqları hər bir addımda fiziki və mənəvi baxımdan dövlətin və vətəndaşlarımızın yanında olmağa çalışan Azərbaycan könüllülərinin intellektual səviyyəsinin yüksəldilməsi, sağlam düşüncə və rasional təhlil bacarıqlarının daha da inkişaf etdirilməsi, onların asudə vaxtlarının səmərəli təşkili üçün Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) “Evrika” intellektual oyununa start verib.
AKƏM-dən AZƏRTAC-a bildiriblər ki, bu gündən etibarən başlayan müsabiqə “GencApp” mobil tətbiqi üzərindən həyata keçiriləcək və on gün müddətində davam edəcək. Könüllülər hər gün müxtəlif saatlarda mobil tətbiq üzərindən bildiriş vasitəsilə göndəriləcək suala qısa zaman ərzində cavab verməyə çalışmaqla həm əylənəcək, həm də öyrənəcəklər. Müsabiqənin sonunda suallara düzgün və ən tez cavab verən on gənc qalib müəyyən ediləcək və onlar dəyərli hədiyyələrlə mükafatlandırılacaq.
Gənclərin potensiallarının artırılması və cəmiyyətə yararlı vətəndaş kimi yetişmələrinə istiqamətlənmiş belə layihələr Azərbaycan gəncliyinin inkişafına mühüm töhfə verir.
Xatırladaq ki, yeni növ koronavirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə martın 27-də ölkəmizin aparıcı könüllü hərəkat və təşkilatlarının iştirak etdiyi AKƏM təsis olunub. Mərkəzin işinin əlaqələndirilməsi Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən həyata keçirilir.
Fəaliyyətində Azərbaycan Respublikası Prezidentinin “Biz birlikdə güclüyük!” şüarını rəhbər tutan AKƏM tərəfindən respublikanın demək olar ki, bütün şəhər və rayonlarında könüllülər səfərbər olunub, onların əlaqələndirilməsi və lazımi fəaliyyətlərə yönləndirilməsi həyata keçirilib. Bu günədək AKƏM-in təşkilatçılığı ilə keçirilən “Böyüklərimizi qoruyaq!”, “Könüllü qonşu”, “Könüllü donor”, “Bir-birimizi qoruyaq!” aksiyalarında minlərlə könüllü iştirak edib.