AZƏRBAYCAN-KOREYA BİZNES FORUMU
İqtisadi İnkişaf nazirinin müavini Mikayıl Cabbarov forumu açaraq, ölkələrimiz arasında iqtisadi münasibətlərin tarixindən danışmış və əlaqələrin getdikcə inkişaf etdiyini vurğulamışdır. Bildirilmişdir ki, 2004-cü illə müqayisədə, 2005-ci ildə ölkələrimiz arasında ümumi ticarət dövriyyəsi 53 faiz, o cümlədən idxal əməliyyatlarının həcmi 78,2 faiz artmışdır. BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) ötən il dərc etdiyi hesabata görə, sərmayə cəlbediciliyi baxımından Azərbaycan dünyada birinci yeri tutur. Azərbaycan hökuməti Koreya Respublikasının iş adamlarına da ölkəmizdə biznesin təşkilində və ya mövcud biznesin genişləndirilməsində kömək göstərməyə hazırdır.
Koreya Ticarət və Sənaye Palatasının sədri Sohn Kyunq Şik çıxışında demişdir ki, ölkələrimiz qarşılıqlı maraq doğuran sahələrdə məhsuldar əməkdaşlıq edirlər. Koreya biznes icmasının əksər hissəsi üçün Azərbaycan Xəzər bölgəsində ən dinamik inkişaf sürətinə nail olan ölkədir və ona görə də böyük maraq doğurur.
Koreya Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (KOTRA) prezidenti Honq Ki Xua ölkəsinin iqtisadi imkanları barədə məlumat vermiş, qarşılıqlı iqtisadi əməkdaşlığın perspektivlərindən danışmışdır. Azərbaycanın MDB məkanında ən dinamik inkişaf edən ölkəyə çevrildiyini vurğulayan qonaq demişdir ki, energetika və informasiya texnologiyaları sahələri iqtsadi əməkdaşlıq üçün çox ümidvericidir.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti Emil Məcidov Azərbaycanda biznes imkanları və investisiya mühiti, hüquqi qeydiyyat, gömrük rüsumları, vergi tarifləri və sair məsələlər barədə ətraflı məlumat vermişdir.
Sonra Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Koreya Ticarət və Sənaye Palatası arasında anlaşma memorandumu imzalanmışdır. Tərəflər iş adamları arasında birbaşa əlaqələrin dəstəklənməsinə, qarşılıqlı iqtisadi əməkdaşlığın genişlənməsinə yardım göstərilməsinə dair öhdəlik götürmüşlər.