Azərbaycan kosmik qanunu olan azsaylı ölkələrdəndir
Bakı, 14 sentyabr, AZƏRTAC
Azərbaycanda kosmik qanunun qəbul edilməsi ölkəmizin bu sahədə inkişafına ciddi təkan verəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinə hazırlıq prosesinə həsr olunmuş brifinqdə Azərbaycan Kosmik Agentliyi - “Azərkosmos”un İctimaiyyətlə əlaqələr və kommunikasiya qrupunun rəhbəri Fidan Behbudova deyib.
Fidan Behbudova bildirib ki, bu konqres ərəfəsində kosmik qanunun qəbul edilməsi çox sevindirici haldır: "Kosmik qanun hələ yenidir, daha dəqiq desək, avqustun 8-də qəbul edilib. Bu qanun yeni qəbul edildiyi üçün düşünürük ki, bir qədər zamana ehtiyac var. Qanunun daha çox tanınması istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Bir qədər maraq topladıqdan sonra yəqin ki, şirkətlərdən müraciətlər olacaq. Belə ki, 2008-ci ildə yaradılmış “Azərkosmos” ASC bir şirkət idi. 2021-ci ildə isə Azərbaycan Respublikasının Kosmik Agentliyi oldu. Bütün bunlar mərhələli şəkildə həyata keçirilir. Azərbaycanda bu istiqamətdə çox geniş işlər aparılır. Hazırda Azərbaycan kosmik qanunu olan azsaylı ölkələr sırasındadır. Bu qanun ölkəmizdə kosmik fəaliyyəti tənzimləyici rol oynayacaq. Ölkəmizdə kosmik sahənin inkişafına təkan verəcək”.