AZƏRBAYCAN-LİTVA BİZNES FORUMU
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, sentyabrın 13-də Vilnüsdə Azərbaycan Prezidenti İlham Əliyevin və Litva Prezidenti Valdas Adamkusun iştirakı ilə Azərbaycan-Litva biznes forumu keçirilmişdir. Forumun işində Azərbaycanın 50-dək və Litvanın 100-ə yaxın şirkətinin nümayəndələri iştirak edirdi. Forumun təşkilatçıları Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi və Litva Sahibkarlar Konfederasiyası idi.
Açılış mərasimində çıxış edən Litva Sahibkarlar Konfederasiyasının prezidenti Bronislovas Lyubus iki ölkənin işgüzar adamları arasında əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd etdi, bildirdi ki, bu prosesdə Litvadakı Azərbaycan diasporu da mühüm rol oynamalıdır. O dedi ki, qarşılıqlı surətdə faydalı əlaqələrin əhatə dairəsi genişdir, Litva Azərbaycana mebel, yeyinti və toxuculuq sənayesi məhsulları satmaqda maraqlıdır. Bundan əlavə, Rusiya və Avropa limanlarından fərqli olaraq, Klaypeda dəniz limanının daha sərfəli və daha aşağı tarifləri, Litvadakı neftayırma zavodlarının imkanları da Azərbaycanı cəlb edə bilərdi.
Litva Prezidenti Valdas Adamkus forum iştirakçılarına sentyabrın 13-də aparılmış Azərbaycan-Litva danışıqları barədə məlumat verərək xüsusi vurğuladı ki, səfərin gedişində imzalanmış sənədlər ikitərəfli əlaqələrin inkişafında stimul rolu oynayacaqdır.
Biznes forumda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev dedi ki, iki ölkə arasında siyasi əməkdaşlığın yüksək səviyyədə olmasına baxmayaraq, ikitərəfli iqtisadi əlaqələr hələlik mövcud yüksək potensial imkanlara uyğun deyildir. Son illərdə Azərbaycan iqtisadiyyatında qazanılmış uğurlardan bəhs edən dövlətimizin başçısı bildirdi ki, hazırda ölkə iqtisadiyyatında özəl sektorun payı 81 faiz təşkil edir. İqtisadiyyatın liberallaşdırılması və onun dünya sisteminə inteqrasiyası baxımından fəal iş aparılır. İnvestorların hüquqları etibarlı şəkildə qorunur.
Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycanın təşəbbüsü ilə regionda qlobal nəqliyyat və energetika layihələri həyata keçirilir, lakin ölkəmiz təkcə neft-qaz amilindən asılı olmaq istəmir və qeyri-neft sektorunu fəal inkişaf etdirir. Belə ki, son üç il yarımda ölkədə açılmış 600 minədək yeni iş yerinin əksəriyyəti qeyri-neft sektorundadır.
Azərbaycan Prezidenti əmin olduğunu bildirdi ki, bu biznes forumu qarşılıqlı surətdə faydalı əlaqələrin genişləndirilməsinə və əmtəə dövriyyəsinin artmasına xidmət edəcəkdir.
X X X
Həmin gün Litva Seyminin sədri Viktoras Muntianasın adından Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə rəsmi lanç verildi.
X X X
Sentyabrın 13-də Azərbaycan Prezidenti İlham Əliyev Vilnüs şəhər qəbiristanlığında Litvanın müstəqilliyi və azadlığı uğrunda həlak olanların şərəfinə ucaldılmış xatirə memorialını ziyarət etdi.
X X X
Sentyabrın 13-də Prezident İlham Əliyev Litvada fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərinin nümayəndələri ilə görüşdü. Dövlətimizin başçısı ölkəmizdə diaspor quruculuğu istiqamətində görülən işlərdən danışdı və bildirdi ki, Azərbaycan dövləti diasporun güclənməsinə xüsusi diqqət göstərir və bu sahədə görülən işlər bundan sonra da davam etdiriləcəkdir.
Prezident İlham Əliyev Vilnüsdə Azərbaycan səfirliyinin açılmasının diasporun işinə də töhfə verəcəyini vurğuladı.
X X X
Elə həmin gün Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Litvanın paytaxtını gəzintiyə çıxaraq, Vilnüsün görməli yerləri ilə tanış oldular.
X X X
Sentyabrın 13-də axşam Litva Prezidenti Valdas Adamkusun adından Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verildi.
Azərbaycan Prezidenti İlham Əliyevin Litvaya rəsmi səfəri davam edir.