AZƏRBAYCAN-LİTVA BİZNES FORUMU
Xəbər verdiyimiz kimi, sentyabrın 13-də Vilnüsdə Azərbaycan Prezidenti İlham Əliyevin və Litva Prezidenti Valdas Adamkusun iştirakı ilə Azərbaycan-Litva biznes forumu keçirilmişdir. Forumun işində Azərbaycanın 50-dək və Litvanın 100-ə yaxın şirkətinin nümayəndələri iştirak edirdi. Forumun təşkilatçıları Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi və Litva Sahibkarlar Konfederasiyası idi.
Açılış mərasimində çıxış edən Litva Sahibkarlar Konfederasiyasının prezidenti Bronislovas Lubis iki ölkənin işgüzar adamları arasında əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd etdi, bildirdi ki, bu prosesdə Litvadakı Azərbaycan diasporu da mühüm rol oynamalıdır. O dedi ki, qarşılıqlı surətdə faydalı əlaqələrin əhatə dairəsi genişdir, Litva Azərbaycana mebel, yeyinti və toxuculuq sənayesi məhsulları satmaqda maraqlıdır. Bundan əlavə, Rusiya və Avropa limanlarından fərqli olaraq, Klaypeda dəniz limanının daha sərfəli və daha aşağı tarifləri, Litvadakı neftayırma zavodlarının imkanları da Azərbaycanı cəlb edə bilərdi.
Sonra dövlət başçıları forumda çıxış etdilər.