Azərbaycan Lüksemburq Beynəlxalq Bazarında təmsil olunacaq
Lüksemburq, 20 noyabr, AZƏRTAC
Dekabrın 8 və 9-da Lüksemburqda ənənəvi Beynəlxalq Lüksemburq Bazarı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, 70 ölkənin iştirak edəcəyi bu tədbirdə Azərbaycan-Lüksemburq Ticarət Palatasının və bu ölkədə fəaliyyət göstərən “Qarabağ” Assosiasiyasının təşkilatçılığı ilə ölkəmiz böyük stendlə təmsil olunacaq.
Beynəlxalq Lüksemburq Bazarında milli ornamentlərlə bəzədiləcək stenddə ölkəmizin tarixi, mədəniyyəti, musiqisi, mətbəxi ilə bağlı nəşrlər, eləcə də bir çox Azərbaycan şirkətlərinin yeyinti məhsulları - meyvə şirələri, mürəbbələr, milli şirniyyatlar təqdim ediləcək.
Qeyd edək ki, ölkəmiz artıq yeddinci ildir bu tədbirdə təmsil olunur. Multikulturalizm mühitində fəaliyyət göstərən bu bazar xeyriyyəçilik məqsədilə keçirilir, əldə edilən gəlir köməyə ehtiyacı olan ölkəyə verilir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Lüksemburq