AZƏRBAYCAN MƏHSULLARI BERLİNDƏ “YAŞIL HƏFTƏ” BEYNƏLXALQ SƏRGİSİNDƏ MARAQLA QARŞILANMIŞDIR
Berlin, 21 yanvar (AZƏRTAC). Almaniyanın Ərzaq, Kənd Təsərrüfatı və İstehlakçıların Hüquqlarının Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Berlində “Yaşıl həftə” adlı ərzaq sənayesi, kənd təsərrüfatı və bağçılıq üzrə beynəlxalq sərgi açılmışdır. Yanvarın 25-dək davam edəcək sərgidə dünyanın 52 ölkəsindən 1600-ə yaxın istehsal və istehlak firmalarının, ərzaq və qida sənayesi, bağçılıq, kənd təsərrüfatı və maldarlıq məhsulları nümayiş etdirilir. Sərgiyə təxminən yarım milyona qədər adamın gəlməsi gözlənilir.
Azərbaycanın Almaniyadakı səfirliyinin və İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə respublikamızın geniş çeşiddə ərzaq sənayesi və kənd təsərrüfatı malları ikinci dəfə olaraq “Yaşıl həftə” sərgisində nümayiş olunmuşdur.
Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abbasovun başçılığı ilə nümayəndə heyəti sərgidə iştirak etmişdir.
Əlavə marağın cəlb edilməsi və həmçinin mədəniyyətin tanıdılması məqsədi ilə Azərbaycan pavilyonu daxilində mədəni proqram da təşkil olunmuşdur. Sərginin ilk günlərindən Azərbaycan mallarına maraq göstərilmiş və hətta gələcək əməkdaşlıq üçün bəzi şirkətlərimiz ilə ilkin razılaşmalar əldə edilmişdir.
İ.Abasov, həmçinin yanvarın 17-də “Qidalanma sahəsində təhlükəsizlik - siyasət və iqtisadiyyat üçün qlobal çağırışlar” mövzusuna həsr olunmuş Kənd Təsərrüfatı Nazirlərinin 2-ci Beynəlxalq Konfransında iştirak etmiş, Almaniyanın qida, kənd təsərrüfatı və istehlakçıların müdafiəsi federal naziri İlse Ayqner və digər şəxslərlə görüşmüşdür.
Sərgi çərçivəsində Azərbaycan-Alman Aqrar Forumu təşkil olunmuş, ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində əlaqələrin inkişafı istiqamətində görülən işlər və əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.
Almaniyanın ərzaq, kənd təsərrüfatı və istehlakçıların hüquqlarının müdafiəsi nazirinin müavini Qert Lindemann Azərbaycanın sərgidə iştirakını yüksək qiymətləndirmişdir.
İ.Abbasov ölkəmizdə kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlər, qəbul olunmuş və həyata keçirilən dövlət proqramları və aqrar islahatlar barədə geniş məlumat vermişdir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
######
