AZƏRBAYCAN MƏHZ HEYDƏR ƏLİYEVİN SƏYİ NƏTİCƏSİNDƏ DÜNYADA ƏN TOLERANT ÖLKƏ KİMİ TANINIR
İtaliyanın Azərbaycanda səfiri olmuş Marqarita Kosta AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki, Azərbaycanın əldə etdiyi uğurlar məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Sovetlər birliyi dağıldıqdan sonra müstəqilliyini bərpa etmiş Azərbaycan olduqca ağır vəziyyətlə üzləşmişdi. Daxildəki vətəndaş qarşıdurması, torpaqlarının işğal altına düşməsi, xarici qüvvələr Azərbaycanı xaotik duruma salmışdı. Məhz çox yüksək və zəngin siyasi idarəçilik təcrübəsinə malik olan Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra xalqını bu bəlalardan qurtara bilmişdir. Bütün çətinliklərə baxmayaraq, “Əsrin müqaviləsi” imzalanmış, neft konsorsiumu yaranmış, cəbhədə atəşkəs əldə olunmuşdur. İndi Azərbaycan sürətlə inkişaf edir, dünya birliyində özünün layiqli yerini möhkəmləndirir.
M.Kosta bildirmişdir ki, unudulmaz şəxsiyyət, uzaqgörən siyasətçi Heydər Əliyevin səyi nəticəsində Azərbaycan həm də dünyada ən tolerant ölkəyə çevrilmişdir. Bunu dini icmalara yaradılmış şəraitdə aydın görmək olur. Bakıda katolik kilsəsinin tikilməsi üçün yer ayrılması heç də üzdə demokratiya görüntüsü deyildi. Bu, başqa dinə, etiqada olan əsl hörmətin təzahürüdür -deyə M.Kosta vurğulamışdır.