Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında mühüm qərarlar qəbul edilib
Bakı, 5 aprel, P.İmanova, AZƏRTAC
Aprelin 5-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdəki məsələləri diqqətə çatdırıb.
Sonra AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu direktorunun müavini, akademik Şahin Mustafayev “Azərbaycanın orta əsrlər tarixinə dair Osmanlı arxiv mənbələri (təhrir dəftərləri): əhəmiyyəti və tədqiqat perspektivləri” mövzusunda məruzə ilə çıxış edib. Alim tariximizə dair yeni yazılı mənbələrin dünyanın müxtəlif əlyazma fondlarında və kitabxanalarında aşkarlanıb tədqiq edilməsinin müasir Azərbaycan mediyevistikasının qarşısında duran ən mühüm vəzifələrdən olduğunu deyib. Məruzədə Azərbaycanın orta əsrlər tarixinin öyrənilməsində mühüm yer tutan Yaxın Şərq mənşəli yazılı mənbələrindən söz açılıb. Tarixi qaynaqlar içərisində Osmanlı mənbələrinin həm sayına, həm də əhəmiyyətinə görə bizim tarixşünaslığımızda xüsusi çəkiyə malik olduğu, onların arasında XVI əsrin sonu və XVIII əsrin 20-ci illərini əhatə edən və “təhrir dəftərləri” adlanan arxiv sənədlərinin daha çox diqqəti cəlb etdiyi bildirilib.
Məruzə dinlənildikdən sonra müzakirə olunub, suallar cavablandırılıb. Rəyasət Heyətinin qərarı ilə məruzə qənaətbəxş hesab edilib, Şərqşünaslıq İnstitutuna müvafiq tapşırıqlar verilib.
İclasda “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” müsabiqəsinin nəticələri elan olunub. Rəyasət Heyətinin qərarına əsasən, neft və qaz kondensant yataqlarının kəşfi və işlənilməsi sahəsində elmi konsepsiyanın hazırlanmasına görə akademik Xoşbəxt Yusifzadə və qeyri-xətti plazma nəzəriyyəsi, idarəolunan termonüvə sintezi və kosmik fizika sahəsində elmi konsepsiyanın işlənilməsinə görə Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Roald Saqdeyev “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”na layiq görülüblər.
Daha sonra AMEA-nın görkəmli alimlərin adlarını daşıyan mükafatlarının sahiblərinin adları açıqlanıb. Rəyasət Heyətinin qərarı ilə akademik Bahadur Tağıyev AMEA-nın Nəsirəddin Tusi adına, akademiyanın müxbir üzvü Zeynal Əkpərov AMEA-nın Həsən bəy Zərdabi adına, Xalq Rəssamı Tahir Salahov AMEA-nın akademik Üzeyir Hacıbəyli adına, akademik Abel Məhərrəmov AMEA-nın akademik Yusif Məmmədəliyev adına, geologiya-mineralogiya elmləri doktoru Adil Əliyev AMEA-nın akademik Musa Əliyev adına, akademik Nailə Vəlixanlı AMEA-nın Abbasqulu ağa Bakıxanov adına mükafatına layiq görülüblər.
Tədbirdə AMEA ilə Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (BNTİ) arasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində həyata keçirilən işlərin vəziyyəti müzakirə olunub. AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev bildirib ki, hazırda BNTİ-də Azərbaycandan 19 mütəxəssis çalışır. Natiq BNTİ-yə səfər çərçivəsində monitorinq keçirildiyini, azərbaycanlı əməkdaşların hesabatlarının dinlənildiyini söyləyib. Alimlərin fəaliyyətinin qənaətbəxş hesab olunduğunu deyən natiq əməkdaşlığın səmərəli davamı üçün bir sıra zəruri tədbirləri diqqətə çatdırıb.
Rəyasət Heyəti qeyd olunanları nəzərə alaraq, AMEA ilə BNTİ arasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində həyata keçirilən işlərin vəziyyətinin qənaətbəxş hesab edilməsini qərara alıb. Həmçinin Azərbaycan Respublikası hökumətinin BNTİ-dəki Səlahiyyətli Nümayəndəsi, AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədova müvafiq tapşırıqlar verilib.
İclasda Rusiya Elmlər Akademiyasının (REA) “Nauka” nəşriyyatında çap olunmuş “Azərbaycanlılar” kitabı müzakirə edilib. AMEA-nın vitse-prezidenti, “Azərbaycanlılar” kitabının rəyçisi, akademik İsa Həbibbəyli bildirib ki, bu nəşr AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu ilə REA-nın Etnoqrafiya və Antropologiya İnstitutunun birgə fəaliyyətinin nəticəsidir. Akademik elmin mühüm nailiyyəti kimi qiymətləndirilən kitabda azərbaycanlı anlayışının formalaşma prosesi, xalqımızın tarixi təşəkkül mərhələləri, ədəbiyyat və incəsənəti, etnoqrafiyası, maddi və mənəvi mədəniyyəti, sosial-ictimai və dini münasibətləri yüksək professional elmi-nəzəri səviyyədə təqdim olunub. Rəyasət Heyəti məsələ ilə bağlı müvafiq qərar qəbul edib.
Sonra AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev AMEA-nın 2017-ci ildəki fəaliyyəti haqqında hesabat məcmuəsi ilə bağlı məlumat verib. Bildirilib ki, AMEA üzvlərinin, elmi bölmə və müəssisələrin, Rəyasət Heyəti aparatının idarə və şöbələrinin, müvafiq nazirliklərin elmi müəssisələrinin təqdim etdikləri materiallar əsasında hesabat məcmuəsinin layihəsi hazırlanıb. Hesabatda AMEA-da, eləcə də respublikanın digər elm və təhsil müəssisələrində 2017-ci ildə aparılmış fundamental və tətbiqi tədqiqatların mühüm nəticələri, Rəyasət Heyətinin elmi-təşkilati fəaliyyəti, akademiyanın fəaliyyətinin digər göstəriciləri yer alıb.
Rəyasət Heyəti akademiyanın 2017-ci ildəki fəaliyyəti haqqında hesabatın bəyənilməsi və AMEA-nın ümumi yığıncağının müzakirəsinə təqdim olunması haqqında qərar qəbul edib.
İclasda bir sıra elmi-təşkilati və kadr məsələlərinə də baxılıb.