Azərbaycan müstəqilliyini ulu öndər Heydər Əliyevin səyləri nəticəsində qoruyub saxlaya bilib
Xızı, 11 iyun, Elxan Yusifli, AZƏRTAC
1993-cü ildə yenicə müstəqilliyini bərpa edən respublikamız dağılmaq, parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir vaxtda məhz ulu öndər Heydər Əliyevin səyləri, bacarığı, təcrübəsi sayəsində Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Bununla da 15 İyun - tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.
AZƏRTAC xəbər verir ki, bu sözlər Xızıdakı Heydər Əliyev Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş dəyirmi masada səsləndirilib.
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar epidemioloji qaydalara, metodiki göstərişlərə uyğun keçirilən tədbirdə Azərbaycanın müstəqilliyini və dövlətçiliyini ulu öndər Heydər Əliyevin səyləri nəticəsində qoruyub saxlaya bildiyi vurğulanıb.
Tədbirdə 1993-cü ilin iyun hadisələri, respublikanın ictimai-siyasi həyatında baş verən proseslər bir daha xatırlanaraq təhlil edilib.
Çıxışlarda bildirilib ki, Azərbaycan xalqı bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazanıb. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan isə bundan 70 il sonra yarandı. XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan əlverişli tarixi şərait nəticəsində Azərbaycan xalqı yenidən müstəqilliyinə qovuşdu. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında 4 günlük müzakirələrdən sonra “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Lakin XX əsrin 90-cı illərinin əvvəllərində respublikamızda baş verən hadisələr Azərbaycanı məhv olmaq təhlükəsi qarşısında qoymuşdu. 1993-cü ilin iyununda ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə azadlıq mübarizəsi özünün yeni, həlledici mərhələsinə daxil oldu. Bu hadisədən sonra ölkədə qısa müddətdə vətəndaş müharibəsi təhlükəsi aradan qalxdı, Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu proseslərinə start verildi.
Natiqlər Prezident İlham Əliyevin Ümummilli Liderin siyasi xəttini layiqincə davam etdirdiyini diqqətə çatdırıb, son illərdə qazanılan uğurlardan söz açıblar.