Azərbaycan nəşri “Scopus” elmi bazasına daxil edilib
Bakı, 11 iyun, AZƏRTAC
Azərbaycan nəşri olan “New Design Ideas” elmi jurnalı “Scopus” elmi bazasında indekslənmək üçün qəbul edilib. Bununla bağlı “Scopus” ofisindən “Jomard Publishing” nəşriyyatına rəsmi məktub daxil olub.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycanda və regionda ilk onlayn elmi nəşriyyat olan “Jomard Publishing”in təsisçisi, riyaziyyat elmləri doktoru Yusif Qasımov bildirib.
Alim qeyd edib ki, dünyada elmi tədqiqatla məşğul olan insanların əməyinin qiymətləndirilməsi, elmi əsərlərin real gücünün və universitetlərin, elmi-tədqiqat mərkəzlərinin və bütövlükdə ölkələrin elmi reytinqinin müəyyənləşdirilməsi ilə beynəlxalq elmi-informasiya bazaları məşğul olur. Bu bazalardan biri bütün dünya elmi mühiti tərəfindən birmənalı şəkildə qəbul edilən “Elsevier” nəşriyyatının “Scopus” elmi bazasıdır. Qürurvericidir ki, “Jomard Publishing”in nəşri olan “New Design Ideas” (“Yeni dizayn ideyaları”) jurnalı “Scopus” bazasında indekslənmək üçün qəbul edilib.
“Scopus” dünyada ən konservativ qiymətləndirmə sistemlərdən biri hesab edilir və jurnalların seçilməsi prosesində onların elmi məzmununu, rəyləşdirmə prosesini, texniki tərtibatını və elektron təqdimetmə səviyyəsini əhatə edən onlarla meyarlar üzrə təhlillər aparılır. Bazadan “Jomard Publishing” nəşriyyatına daxil olmuş məktuba əlavə edilən rəylərdən görünür ki, “New Design Ideas” jurnalı bütün meyarlar üzrə ən yüksək qiymət alıb. “New Design Ideas” jurnalı öz profili üzrə nəinki Azərbaycanda, habelə regionda beynəlxalq səviyyədə qəbul edilən ilk və yeganə elmi jurnaldır. Bu uğurun əldə olunması jurnalın bütün əməkdaşlarının - baş redaktor, professor Nikos Salinqarosun (San Antonio Texas Universiteti, ABŞ), aparıcı redaktorun, redaksiya heyəti üzvlərinin, rəyçilərinin məqsədyönlü fəaliyyətinin nəticəsidir.
Qeyd edək ki, Bakı Dövlət Universitetinin məzunu olan Y.Qasımov bir sıra xarici ölkələrdə elmi ezamiyyətlərdə olub, Fransanın Nant Universitetində dəvətli professor kimi elmi tədqiqatlar aparıb. Azərbaycana qayıtdıqdan sonra yeni elmi jurnalların təsis olunması ideyası ilə çıxış edib, “Jomard Publishing” onlayn nəşriyyatını yaradıb.