Azərbaycan nümayəndə heyəti Almaniyada müxtəlif dini konfessiyaların nümayəndələri ilə görüşüb
Bakı, 25 iyun, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 24-də Almaniya Müsəlmanları Mərkəzi Şurasının sədri Abdassamad El-Yezidi ilə görüşüb.
Bu barədə AZƏRTAC-a Dövlət Komitəsindən məlumat verilib.
Komitə sədri Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə milli-mənəvi, multikultural dəyərlərin qorunub saxlanılması, dini etiqad azadlığının təmin edilməsi sahəsində görülən işlərdən danışıb, Azərbaycanın dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsi, dinlərarası dialoqun inkişaf etdirilməsi, ümumbəşəri dəyərlərin təşviqi, islamofobiya, ksenofobiya kimi qlobal xarakterli problemlərin həllinə yönəlmiş təşəbbüsləri haqqında məlumat verib. O, ölkəmizin İslam həmrəyliyi ideyalarının təbliği sahəsindəki təcrübəsinə diqqət çəkib.
Almaniya Müsəlmanları Mərkəzi Şurasının sədri Abdassamad El-Yezidi bildirib ki, islamofobiya meyillərinin artması, İslamı gözdən salmaq cəhdləri həmrəyliyin və birliyin möhkəmləndirilməsini, qarşılıqlı dəstəyin göstərilməsini labüd edir. O, bu mənada Azərbaycanın sərgilədiyi mövqeyi yüksək qiymətləndirdiyini bildirib.
Almaniya Yəhudiləri Mərkəzi Şurasının icraçı direktoru Daniel Botmanla görüşdə isə dünyada tolerantlığı, dinlərarası dialoqu dəstəkləyən və bu prosesdə aktiv iştirak edən Azərbaycanın hazırda dinlər və mədəniyyətlərarası dialoqun təşviqindəki mühüm rolundan, Bakının adıçəkilən mövzularda beynəlxalq konfrans və forumlara ev sahibliyi etməsinin əhəmiyyətindən bəhs edilib. Əlaqələrimizin genişləndirilməsində yüksəksəviyyəli qarşılıqlı səfərlərin və görüşlərin önəmi qeyd olunub.
Azərbaycan nümayəndə heyəti, eyni zamanda, Almaniyadakı Süryani Ortodoks Mor Yaqub Dasruq Kilsəsini ziyarət edib. Ziyarət zamanı nümayəndə heyətinin üzvlərinə kilsənin tarixi barədə məlumat verilib. Dövlət Komitəsinin sədri ölkəmizdə dini, mədəni və tarixi abidələrə göstərilən dövlət qayğısından danışıb. Azərbaycanda müxtəlif dini konfessiyalara aid ibadət yerlərinin qorunub saxlanılması, təmiri və bərpası istiqamətində ardıcıl tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb.