AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ AVROPA ŞURASI YERLİ VƏ REGİONAL HAKİMİYYƏTLƏR KONQRESİNİN KONFRANSINDA İŞTİRAK ETMİŞDİR
Konfransda Qara dəniz hövzəsində Avroregionun yaradılması məsələsinə baxılmış, Qara dəniz sahili və Cənubi Qafqaz ölkələri bələdiyyələrinin ətraf mühit, nəqliyyat, gəmiçilik, balıqçılıq və s. sahələrdə əməkdaşlığının perspektivləri ilə bağlı müzakirələr aparılmışdır.
Rumıniyanın Prezidenti Trayan Basesku, Avropa Şurasının baş katibi Terri Devis və digər yüksək vəzifəli şəxslərin də qatıldığı tədbirdə çıxış edən Azərbaycan nümayəndə heyətinin başçısı, ədliyyə nazirinin müavini Vilayət Zahirov ölkəmizdə yerli özünüidarəetmənin hüquqi əsaslarının yaradılması və inkişafı tarixi, bu sahədə həyata keçirilən mütərəqqi islahatlar barədə məlumat vermiş, respublikamızın torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğalı nəticəsində həmin ərazilərdə legitim yerli özünüidarəetmənin təşkilinin qeyri-mümkünlüyünü tədbir iştirakçılarının diqqətinə çatdırmış, regionda münaqişələrin həll olunmasının vacibliyini vurğulamış və bu baxımdan Qara dəniz hövzəsində Avroregionun yaradılması məsələsi ilə bağlı dövlətimizin mövqeyini açıqlamışdır.
Konfransda iştirakçı dövlətlərin yerli və regional hakimiyyət orqanları arasında sıx əlaqələrin sülhə, sabitliyə, təhlükəsizliyə və davamlı inkişafa mühüm töhfə verəcəyini əks etdirən Bəyannamə qəbul olunmuşdur.
Səfər çərçivəsində Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin sədri Covanni Di Stazi, həmçinin bir sıra iştirakçı dövlətlərin hökumət nümayəndələri ilə görüşlər keçirilmiş, əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.