Azərbaycan nümayəndə heyəti iqlimlə bağlı tarixi Paris sazişinin imzalanma mərasimində iştirak edir
Bakı, 22 aprel, AZƏRTAC
Aprelin 22-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında ötən ilin dekabrında iqlim dəyişiklikləri ilə bağlı Parisdə qəbul edilmiş tarixi sazişin imzalanma mərasimi keçiriləcək. Artıq 165-dən çox ölkə mərasimdə iştirak etməyə hazır olduğunu bildirib. Mərasimdə Azərbaycan ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur. Sənədi birinci olaraq Fransa Prezidenti Fransua Olland imzalayacaq.
AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, razılaşma iqlim dəyişiklikləri məsələləri üzrə BMT-nin Çərçivə Konvensiyasına üzv dövlətlərin 21-ci konfransında Parisdə qəbul edilib. Sənəd ekoloji cəhətdən davamlı gələcəyə yol açır və qlobal temperaturun Selsi ilə 1,5 dərəcə səviyyəsində saxlanılmasını vəd edir.
Elə ilk gündə Paris sazişinin altında daha çox imza olacağı gözlənilir. Qeyd edək ki, 1982-ci ildə BMT-nin dəniz hüququ üzrə Konvensiyası ilk gündə 119 imza toplamışdı.
İmzalanma mərasimində iştirakdan sonra BMT-nin üzv dövlətlərinin nümayəndələri bununla bağlı mülahizələrini bölüşəcək, öz ölkələrində Paris sazişinin ratifikasiya tarixi barədə məlumat verəcəklər.
Paris sazişinin imzalanması sənədin hüquqi baxımdan qanuni qüvvəyə minməsi yolunda ilk addımdır. Müqaviləni imzalayan dövlət ratifikasiyaya sazişinin hazırlanması üçün zəruri olan daxili prosedurların həyata keçirilməsinə başlamağa hazır olduğunu bildirir.