AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ KABİLDƏ KEÇİRİLMİŞ KONFRANSDA İŞTİRAK ETMİŞDİR
Səfirlikdən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, konfransın açılışında səfir E.Mədətli çıxış etmiş, Corctaun Universitetinin Azərbaycandan olan məzunu, həmin universitetin Xarici Əlaqələr Məktəbində çalışan Taleh Ziyadovun “Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində” mövzusunda məruzəsi dinlənilmişdir.
Səfir Əfqanıstanda beynəlxalq təhlükəsizliyə yardım qüvvələrinin tərkibində xidmət edən Azərbaycan hərbçiləri ilə də görüşmüşdür. Hərbi hissənin komandiri polkovnik Əhməd Topdağı əsgərlərimizin xidmətindən razılığını bildirmiş, tapşırılan vəzifələri həmişə layiqincə yerinə yetirdiklərini söyləmişdir.
Aprelin 2-də Əfqanıstan parlamenti aşağı palatasının sədri Yunis Qanuni Azərbaycan səfirini qəbul etmişdir. Azərbaycan Prezidentinə və Milli Məclisin sədrinə xüsusi salamlarını çatdırmağı xahiş edən Y.Qanuni Əfqanıstanın yeni formalaşmış parlamenti barədə məlumat vermiş, parlamentlərarası əlaqələrin yaradılmasının vacibliyini bildirmişdir. Səfir E.Mədətli ölkəmizə rəsmi səfər etmək üçün Milli Məclisin sədri O.Əsədovun dəvətini Y.Qanuniyə çatdırmışdır. Dəvət məmnunluqla qəbul edilmişdir.
Azərbaycan səfiri Əfqanıstan Xarici İşlər Nazirliyində də görüşlər keçirmişdir. Görüşlərdə xarici işlər nazirlikləri arasında əlaqələr, Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələri dövlət başçılarının zirvə görüşündə və İslam Konfransı Təşkilatı ölkələri xarici işlər nazirlərinin iclasında Əfqanıstan tərəfinin iştirakı ilə əlaqədar məsələlər müzakirə edilmişdir.